Avanqard

Səxavət Sahil - Elmin missiyası Bədirxan Əhmədovun çiyinlərində

08/08/2025

Müasir Azərbaycan ədəbiyyatşünslığında, filologiya elmində apardığı araşdırmalar və ortaya çıxardığı elmi faktlarla həmkarlarından köklü şəkildə fərqlən, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun 70 yaşı tamam olur.
Alim üçün, elm adamı üçün 70 yaş kiçik rəqəm deyil, ən azı ömrünün 50 ilini kitabların içində keçirmək, audotoriyalarda tələbələrin önündə mühazirə oxumaq, kitabxanalarda, arxivlərdə axtarışlar, tətqiqatlar aparmaq deməkdir. Professor Bədirxan Əhmədov da məhz ömrünü elmə həsr eləmiş adamdır. Əslində alimin qiyməti onun elmi araşdırmasının dəyəri ilə ölçülür. Nə elmi ad, nə də titullar alimin kimliyinin, qiymətinin göstəricisi sayıla bilməz. Onun 3 cilddə nəşr edilən "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabları XX əsrin ədəbi prosesini, inkişaf yolları və istiqmətlərini elmi metodologiya ilə ərsəyə gətirən qiymətli mənbədir. Qiymətli mənbə öz dövründə və özündən sonrakı dövrlərdə o istiqmətdə gərəkli sayılan və istifadə olunan məxəzdir. "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" 3 cildliyi bu baxımdan olduqca əhəmiyyətlidir. Həm də ona görə əhəmiyyətlidir ki, kitabın yazılması müasir dünya elmində tətbiq edilən elmi araşdırma və metodoloji konsepsiyaya əsaslanır. Alimin 2015-ci ildə "XX yüzil Azərbaycan ədəbiyyatı; mərhələlər, istiqamətlər, problemlər" monoqrafiyası son illər Azərbaycan ədəbiyyatşünaslığıda uğurlu tədqiqat işi saylır. Monoqrafiya XX yüzil ədəbiyyatının mərhələ və problemlərinin təhlil baxımından qiymətlidir. Tədqiqat işində Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizm, romantizm, maarifçi realizm, Cümhuriyyət ədəbiyyatı çağdaş ədəbiyyatşünaslıq yönümdən araşdırılıb. Kitabdan bundan başqa sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin mahiyyəti, nəsr, peziya, dramaturgiyanın inkişafı istiqamətləri, repressiya mühitində ədəbi proses, mühacirət və legion ədəbiyyatı və digər müxtəlif mərhələlər elmi yanaşma ilə araşdırılıb oxuculara və elmi ictimaiyyətə təqdim edilmişdir. Konseptual yöndən ortaya qoyulan monoqrafiyada XX yüzilin ədəbi prosesi elmi və nəzəri cəhətdən uğurla ifadə olunmuşdur. 
Professor Bədirxan Əhmədovun bu günə qədər oxuduğum məqlələrində, elmi araşdırmalarında, kitablarında ortaya qoyduğu faktlar, qənaətlər, nəticələr ciddi və əsaslı mənbələrə əsaslanır. Əsas olan da budur. Bütün hallarda mənbə elm adamının əsas qaynağı, istinadı olmalıdır. Çünki araşdırma zamanı qarşıya çıxan hər hansı bir faktın bir neçə versiyası olur. Üstəlik bu versiyalar bəzən ehtimallarla müşahidə olunur. Digər tərəfdən sovet ədəbiyyatşünslığında ideoloji uyğunluq baxımdan uydurma faktlar və ehtimallar daha çox tədqiat obyekti olurdu. Lakin Bədirxan Əhmədov çağdaş baxış və müasir yanaşma ilə apardığı elmi tədqiatlarında, araşdırmalarında bunlardan imtina edərək konkretləyə və dəqiqliyə əsaslanmışdır. Bütün bunlar onun alim kimi öz üzərinə düşünə missiyanı necə məsuliyyətlə və layaqtətlə daşıdığını göstərir. 
Bədirxan Əhmədovun müasir ədəbi və elmi mühitimizdə rezonans doğuran araşdırmalarından biri də “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” kitabı fundamental araşdırmanın nəticəsi kimi ortaya çıxıb. Monoqrafiya türk kimliyinin, ictimai şüurunun formalaşmasında davamlı və sistemli mücadilə aparan böyük fikir adamları – Mirzə Fətəli Axundzadə, Əli Süavi, Cəmaləddin Əfqani, Yisif Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp və Məmməd Əmin Rəsulzadəyə həsr edilib. Kitab türk dünyasının 150 ildən çox yol gələn və yalnız XX yüzilin ikinci onilliyində sistem halına düşən və Azərbaycan Cümhuriyyətinin dövlət rəmzi bayrağında simvollaşan “türkləşmək, müasirləşmək, islamlaşmaq” probleminə işıq tutub. Bədirxan Əhmədov problemi nəzəri və tarixi aspektdə araşdırmaqla üçlü formulun doğuşu, mahiyyəti, xarakteri, inkişaf yollarını araşdırıb. İlk dəfə olaraq problemə kompleks şəkildə yanaşılıb və ictimai fikrimizdəki ideyadan nəzəriyyəyə - formula doğru gələn ictimai fikir yolundakı məsələlər elmi qənaətlərlə və məntiqi yanaşmalarla əhatə edilib. Kitabda ortaya çıxarılan və elm aləminə təqdim olunan materiallar və yeni yanaşmalar üçlü formulu bütün detalları ilə üzə çıxarır.
Ədəbiyyatşünas alim, araşdırmaçı, tədqiqatçı və ədəbiyyat tarixçisi kimi Bədirxan Əhmədov ölkəmizdən kənarda da tanınıb, Azərbaycan elmini ləyaqətlə təmsil edib. Beynəlxalq elmi konfranslar, simpoziumlar və konqreslərdə etdiyi məruzələr və çıxışlarla diqqət cəlb edib, elmi araşdırmalar və əməkdaşlıqlar üçün dəvət alıb. Onun elmi məqlələrində, monoqrafiyalarında ortaya qoyduğu fikirlər tarixi və elmi mənbələrə, faktlara əsaslanır, məntiqə söykənir. Bir sözlə əsl sənətkar, elm fəadisi və alim kimi Bədirxan Əhmədov digərlərindən çoxsaylı üstün cəhətlərə malikdir. Həm müəllimim həm də dostum olan sənətkarı 70 ilik yubileyi münasibəti ilə təbrik edir, ona ilk nöbvədə uzun ömür, can sağlığı və yeni-yeni elmi nəaliyyətlər arzu edirəm. Ad gününüz mübarək! 

Digər Məqalələr