Çinarə Ömray – Ailənin yeni şəklini necə yaratdım
Avanqard 15/02/2026
Bu gün psixoloq Nuranə Məmmədovanın “Qəti qərar” seminarında iştirak etdim. Zal insanlarla dolu olsa da, amma hər kəs öz həyatının qarşısında tək oturmuşdu. Mövzu qəti qərarla bağlıydı. Əslində isə mövzu cəsarət idi. Kim harada susdu, kim hara qədər dözdü, kim hara qədər getmədi getmədi – bunların hesabatı idi sanki.
Sonda bağlı qutudan vərəqlər çəkdik. Dedilər, kimə hansı söz çıxsa, onunla üzləşsin.
Mənim payıma bircə kəlmə düşdü: Ailə. Həyatın yumor hissi var, deyəsən.
Çünki mənim həyatımda ailə, heç vaxt şəkilli çərçivədə gülən insanlar olmayıb. Ailə mənim üçün çox vaxt erkən böyümək demək olub. Valideynlərim uzaqda olanda, mən nənə-baba yanında böyüyən uşaq idim, amma bir az da böyük idim. Oyuncaqlarımla oynasam da, içimdəki boşluğu gizlətməyi də öyrənirdim.
Uşaq vaxtı adam valideyn həsrətini dərd eləmir. Sadəcə, səssiz böyüyür.
Sonra ailə qurdum. Yenə ailə. Bu dəfə başqa formada. Bu dəfə içində qorxu olan ailə. Şiddət olan ailə. Və susmaq.
Mental qaydalar hazır idi: “Qadın ər evinə gəlinliklə gedər, kəfənlə çıxar.”
Maraqlıdır, bu cümləni yazanlar qadının nəfəsini qədərini ölçüblərmi? Ürəyinin dözüm limitini hesablayıblarmı?
Mən kəfənlə çıxmaq istəmədim. Qərar verdim. Ayrıldım. Dedilər ailə dağıldı. Amma heç kim soruşmadı ki, bəlkə ailə artıq yox idi? Bəlkə sadəcə divarlar qalmışdı?
İndi isə yenə ailə mənim üzərimdədir. Valideyn qayğısı, övlad məsuliyyəti, maddi-mənəvi yük. Həmişə elə olub. Mən ailənin içində ən kiçik olanda da, ən böyük olanda da yük mənim payıma düşüb.
Heç vaxt “niyə mən?” deməmişəm.
Bəlkə də deməməliydim.
Bəlkə də deməliydim.
Seminarda o vərəqi açanda düşündüm: bu söz mənə təsadüfən çıxmadı. Çünki mən ailədən qaçan yox, ailəni çiyinləyən olmuşam. Hətta uşaq vaxtı da. Hətta qorxanda da. Hətta tək qalanda da.
Amma indi ilk dəfə başqa cür düşünürəm.
Bəlkə ailə mənim yüküm deyil.
Bəlkə ailə mənim sərhədimdir.
Bəlkə mən artıq ailəni daşıyan qız uşağı deyiləm. Ailənin yenidən tərifni verən qadınam.
“Qəti qərar” deyirdilər. Mənim həyatımda ən qəti qərar susmamaq oldu. Dözüb sınmamaq oldu. Çıxıb getmək oldu. Öz övladım üçün qorxunun normal olmadığı bir gələcək seçmək oldu.
İronikdir. Mənə ailə çıxdı.
Halbuki mən illərdir ailənin içindən çıxmağa çalışırdım – o ağrılı, nəfəs daraldan formasından. İndi anlayıram ki, mən ailədən qaçmamışam. Mən sadəcə ailənin şəklini dəyişmişəm.
Uşaq vaxtı ailəsiz böyüyən qız, gəncliyində ailənin içində əzilən qadın, indi ailəni yenidən quran anadır.
Və bəlkə də həyat mənə demək istəyir: Sən ailənin qurbanı olmadın. Sən ailənin müəllifinə çevrildin. İndi isə ilk dəfə “ailə” sözünü qorxmadan yazıram. Çünki bu dəfə o sözün içində mən də varam.


Digər Məqalələr
“Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib
İstanbulda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin barelyefi açılıb