Avanqard

Zahir Əzəmət - \"Kirayə evimiz, sevimli arvadımız var\"

06/02/2013







****

İndi işə gedəcəm
sən “zibili atmağı unutma” deyəcəksən

uşaq arxamca ağlayacaq
“ata” kəlməsi yapışacaq ətəklərimdən
qaçaraq atılacam küçəyə

amma unutmayacam zibili atmağı

on saat işləyəcəm
günəş batarkən dönəcəm evə
bir qucaq təbəssümlə
“sən zibili at” deyəcəksən

uçaq sarılacaq ayaqlarıma
birlikdə zibil atmağa gedəcəyik

zibilliyin üzərinə sallanan söyüd budaqlarına
barmağını uzadan körpə “gül” deyəcək

birdən gül qoxusu yayılacaq zibilliyə
sonra bütün şəhərə
sonra bütün məmləkətə

“ata” və “gül” kəlmələri
unutdurar günəşin yoxluğunu


***

Elə də pis deyil həyatımız
kirayə evimiz, sevimli arvadımız var

günəş gülümsəyərək toxunur pəncərəmizə

hərdən danışmağa, hərdən susmağa
hərdən gülməyə icazəmiz var

bizə seçim haqqı verilib!
hər zaman ölməyə icazəmiz var

 

***

Gəl unudaq hər şeyi
heç olmasa bir anlıq.
Hürkütməsin qəlbini
bu mənasız qaranlıq.

Unutdum, sən də unut
siyasi sözcükləri.
Sızlamasın qolunda
polis öpücükləri.

Xatırlama, sevgilim
harda doğulduğunu.
Unutdum, sən də unut
niyə boğulduğunu…


Digər Məqalələr