Avanqard

Elşad Can Şamil yeni şeirlər

Avanqard 11/04/2026

ANLAYIRAM

 

Anlayıram düzələn iş deyil bu...

Düzəlməyəcək demək istəmirəm..!

Düzələrdi ürəkdən istəsəydim

Düzəlməyibsə, demək istəmirəm.

 

Dosta incik, yada küs, yara nazıq.

Çoxluq içində demə azdan azıq.

Çətində heç kimə çarəsiz, yazıq,

Aciz görünüb kömək istəmirəm

 

Haqsızlığın sərt türbəsin yemişəm.

Həm zorbasın, həm hərbəsin yemişəm.

Bu həyatın çox zərbəsin yemişəm.

Artıq doymuşam yemək istəmirəm.

 

Nəzərdi, göz dəydi bizə, bilirəm

Büdrəmişik, dikəl, düzəl, bilirəm.

Özüm nə etdiyimi, gözəl bilirəm.

Çiyinlərimdə mələk istəmirəm.

 

 

İNSANLAR ELƏ BİLİR Kİ...

 

İnsanlar elə bilir ki, susmaq ya razılıqdır ya da etiraz.

Amma bəzən susmaq qışqırmaqdan daha ağırdır.

İnsan danışmadığı cümlələrin yükünü ürəyində daşıyır.

Deyilməyən sözlər ürəyin divarına çırpılıb səssiz çat buraxır.

Doğmalar deyir fikir eləmə.

Ən çox da deyilməli sözlər doğmalaradır.

 

İnsanlar elə bilir ki, gülümsəyən adam xoşbəxtdir.

Psixologiya deyir gülümsəmə bəzən ən güclü müdafiə mexanizmidir.

İnsan sınmamaq üçün gülümsəyər, dağılmamaq üçün dik durar.

Ancaq dağılmağa həmişə özəl yer axtarar.

 

İnsanlar elə bilir ki, güclü insanın ehtiyacı yoxdur.

Amma ən güclü görünənlər ən çox anlaşılmağa möhtac olanlardır.

Çünki onlardan həmişə dözmək gözlənilir.

Onlara həmişə dağ kimi baxılır,

halbuki arada bağ kimi baxılmaq arzusunu dilə gətirmək istər, bacarmaz...

 

İnsanlar elə bilir ki, insan dəyişməzdir, nədirsə odur.

Ancaq insan günəş kimi hər səhər yenidən doğulur.

Yaşadıqları onu ya sərtləşdirir, ya da sındırır.

Hər seçim onun kimliyinə yeni bir qat əlavə edir.

İnsan seçimlərinin məhsuludur, ya ağasıdır, ya quludur.

 

İnsanlar elə bilir ki, insan göründüyü kimidir.

Halbuki insan göründüyü ilə yaşadığı arasında qalan məsafədir.

O məsafə isə bəzən bir ömür qədər uzundur.

Allah ömür versin deyəndə məsafələri uzadırıq.

 

 

AZCA İSTİLİK VER, RUH İLIQ OLSUN...

 

Hər kəsə ürəyni açma əzizim

Soyuq dəyər mənə, axı xəstəyəm

Sən nahaq can verdin, can istəyənə,

Unutdun, dərdindən mən can üstəyəm.

 

Ürəyni buz kimi saxladın mənə

Həsrətdən don vursun, bərk soyuq olsun,

Bunca soyuqqanlı mənə yanaşma,

Azca istilik ver, ruh ilıq olsun.

 

Bu nə xoş zülmdür ki, edirsən mənə,

Hərdən yaxınlaşır, hərdən qaçırsan,

Könlümün qapısına kilid vumusan,

Hərdən bağlı qalır, hərdən açırsan…

 

Yuxuma gəlmirsən gör neçə vaxtdır,

Xəyala da artıq gec-gec gəlirsən.

Yerin ki, qəlbimdə çox uca taxtdır,

Öz taxt-tacına niyə gec gəlirsən??

 

 

HA BAŞA SALSAM ANLAMIR ÜRƏYİMİN BAŞ TƏRƏFİ...

 

Zəlil olsun bu duyğular, məni salıbdır nə hala

Çox istəyin fəsadıdır, çəkirəm təklik əzabı

Ömür boyu sən cavabım təhkim olub səhv suala

Indi isə sualların daha yoxdur sən cavabı

Hisslərimin dili başqa, tərcümə mümkün də deyil,

Ha başa salsam anlamır, ürəyimin baş tərəfi

Səni unutmaqmı olar, heç cürə mümkün də deyil.

Həsrətinlə doldurulub, ürəyimin boş tərəfi.

 

Hardasa itirilmisən, necə tapmıram səni mən.

Bilmirəm kimdə axtarım səndə itmiş duyğuları

Mən ki, özümdən qaçıram, ancaq çatmıram sənə mən.

Özün getməyin bir yana, səndə getmiş duyğularım.

Məndə sən əskik olmusan, qaldım özümlə natamam

Sən qoxulu güllərimə mən tay tutmadım ələfi,

Olduqca həlim baxışlı, qəlbi də yuxa adamam

Son günlər sənə rast gəlib ürəyimin daş tərəfi…

 

Namərdin bıçağı kimi, qəfil kürəyə saplandı

Sənin bu küsgün baxışın, güləyən üzgün gözlərin

Hörmətin də qürurumun baxışı altda tapdandı

Yansıtmadı, hey gizlətdi, sənin güzgü gözlərin

Dinclik gəlməyir ruhuma, bərk sıxıntı var içimdə

Açılmayır beynimdə də, dolaşan fikir kələfi

Göz yaşını qurut bir az, bil axıntı var içimdə

Günlərdir nəmişlik qoxur ürəyimin yaş tərəfi

 

 

UŞAQ İDİM

 

Uşaq idim, qanmaz idim, bu dünyadan baş açmırdım.

Yaxşıları tanımırdım, yamannan da qaçmırdım.

Qarnımı doyuran vardı, hələm-hələm acmırdım.

Ruhum isə ac böyüdü, sığalı tərk edən gündən.

 

Ağlım kəsmirdi heç nəyi, körpə idim, çağa idim.

Başqalarna tabe idim, öz-özümə ağa idim

Kaş ki, imkan verəydilər uşaqlığma baxa idim.

Çoxmu ağlar qalmışam özümü dərk edən gündən...

 

Sillə-sillə böyütdülər, tərs böyüdüm, pis böyüdüm,

Salıb beyin qırışına xoşagəlməz iz böyüdüm,

Qəlbimdə üsyan, nifrət, qıcıq dolu hiss böyüdüm,

Acığı Allaha tökdüm bir ona ərk edən gündən.

 

İçimə dostlar adıyla bir xeyli adam yığıldı,

Ürəyim onlarla güldü, onlarsız da çox sıxıldı,

Bir də gördüm ki getdilər, o ki büdrəyib yıxıldım

Özüm özümlə dost qaldım, hər şeyi tək edən gündən.

 

Arzularmı borc götürüb, qaytarıb əskik qoydular,

Dizin-dizin sürütdülər, adına tərslik qoydular.

Dizlərimin qanı axdı, üstünə əski qoydular,

"Düzələr"ə inanmadım, yaralar çirk edən gündən.

 

Gözə gəldi mübarəklər, qədəm-qədəm yavaşladı.

Mən duruxdum, həm də qorxdum, çünki dədəm yavaşladı

Həyat ritmimiz səngidi, bir də o dəm yavaşladı

Yanımızdan laqeydlə doğmalar "bərk" gedən gündən.

 

 

 

SƏNİ ELƏ GÖZƏL SEVİRƏM Kİ MƏN

 

Səni elə gözəl sevirəm ki mən.

Sənə hirslənsəm də, gülməyim gəlir.

Səninlə yaşamaq, yaşlanmaq da var

Sevincdən dözməyib, ölməyim gəlir.

 

Çətinlik önündə nə yorul, nə bez.

Çətin gün qısadır, bitəcək gec-tez.

Məni sevdiyini xatırlat tez-tez

Səndən hey eşidib, bilməyim gəlir

 

Söylə həyatıma qatdığın nə var?

Mənə məndən alıb satdığın nə var?

Gördüyüm, aldığım, daddıdım nə var

Səninlə paylaşıb, bölməyim gəlir.

 

Tut kələfin ucun çıxaq düyündən

Yarı ayırmaqmı olar bütündən.

Mən çıxıb getsəm də günü bu gündən

Dayana bilmirəm, gəlməyim gəlir.

 

 

UZAQLAR VƏ YAXINLAR

 

Bir qız gördüm uzaqdan

Elə bildim ki sənsən.

Yaxınlaşanda gördüm

Sən ondan da qəşəngsən.

 

O qaraşın, sən sarı,

Boyu sənlə tuş gəlir.

Sən yaxından şirinsən

O uzaqdan xoş gəlir.

 

Mənə yaxın olanım,

Ürəyimə sən yarsan

O, uzaqlaşıb, gedib

Biləndə ki sən varsan.

 

 

GÖZLƏYİRƏM MƏN SƏNİ

 

Gözləyirəm mən səni

Tez ol, çevik, yeyin gəl

Sənə çox yaraşanı

Ağ donunu geyin gəl

 

Qapıda çox dayanma

Gecikirik, yubanma

İndi dinməz dur, amma

Yolda danış, deyin gəl

 

Sənsizlikdir əzabım,

Həsrətlədir hesabım

Qalmayıb sənsiz tabım

Dözmür ürək, beyin, gəl...

 

 

***

 

Doktor,

Baxıram ki, diqqət çatmamazlığı, diqqət əskikliyi diaqnozu qoyub müalicə edirsən uşaqları.

Ancaq bil ki, həyat yoldaşından sevgi, diqqət görməyən valideynin uşaqları
diqqət çatmamazlığından əziyyət çəkir bu günləri.

Ana - atadan sən başla, onların münasibətlərinə müdaxilə elə...

 

Doktor, ürəklərini buz kimi saxlatdırdığın xəstə yaxınlarına

bir müddət sonra ürək çatışmazlığından vəfat edib deyə isti-isti başsağlığı verirsən.

Ancaq bilmirsən ki, vicdan çatışmazlığından əziyyət çəkənlərin
əlinin altda işləyənlərin ürəyinə çat düşür.

Ürək çatdırmır bunca vicdansızlığın qarşısında.

Damarlarına neçə stend qoysan da.

 

Doktor, tənəffüs çatışmazlığından əziyyət çəkənlərə

medikamentoz müalicə yazırsan, yeməkdən öncə, yeməkdən sonra şərtlər qoyursan.

Onun bir həyat tərzinə bax,
Soruş yemək yemisənmi, necə yaşayırsan, necə dolanırsan.

Tənəffüs almağa sonuncu dəfə
məktəb dərslərində tənəffüs saatlarında çıxıb.

O adamlar nəfəs almağa, nəfəs dərməyə vaxt tapmayan,
bir çörək üçün gecəsini gündüzünə, gündüzünü günsüzlüyünə xərcləyənlərdir.

 

Doktor, bu gün sağlamlıq imkanları məhdud şəxslərə
bir ayrı qayğı göstərməyə çalışırsan, dəstəkləyirsən, ümid verirsən.

Bəs, maraqlıdır sağlam olub imkanları məhdud olan şəxsləri
kimə yönləndirirsən doktor. Necə müalicə edirsən?

Ümumiyyətlə imkansız şəxsləri qəbul edirsənmi?

Digər Məqalələr