Zahid Sarıtorpaq - Şeirlər
06/12/2012
mahnı
qonşu uşağının qorxulu yuxusunda öldüyüm gün
elə bilirdim gecəyə dağılır pozulmuş surətim aynadan
demə o an o uşağın yuxusu uzunu
gecənin dibində işıqlarını söndürmüş avtomobildə
sürətlə çırpılırammış bir mahnının divarına
hələ ölürkən o mahnının içindən düşmüş
işıqlı bir gülü də öpürəmmiş yaralarımla
axirətin mənə yazılmış işıqlarının doğmalığına
içimin qəndillərimi bir şəhadət verirdi o gecə
ya o qorxmuş çocuğun yuxusumu
görünür sonumun haraya uçuqlayacağı oxunurmuş
o çöküb-çökdürdüyüm mahnıda
stalker
qatar getdi biryolluq
hörümçək toru bağlamış gözlərin filmi bitdi
yazın ölüsünün suyu qurudu yaş budağın sınığında
o budaqdan geriyə qayıda bilməyən qarışqaya
tanrısı qanad verdi dan üzü: “hər şeyin çarəsi Ondadı...”
illər tərpənincə
yandırılmış təzək qoxusu vurdu
atları öldürülmüş keçmişin nəfəsindən
səsiylə qaranlığı doğraya-doğraya getdi qatar
öz-özünə pozuldu
alnını vaqonun şüşəsinə söykəmiş uşağın
üzündən oxunan güləbətin yazı
qatar getdi
ağlamsınan qızın gözündən düşüb çilik-çilik olan şəhərin
tozunu vağzalda burum-burum ciyərlərinə çəkdi
hər şeydən xəbərsiz misgin adamlar
qatar getdi getdi getdi
gözünün gördüyü ağlının kəsdiyi heç nə
içinin tutumuna hesablanmayıb adamın –
bu məntiq cücərdi hər şeydə
indi sən sübut elə ki
doğrudan da qədərin yükünə hesablanıb
çiyninin körpücük sümükləri
sübut elə ki
sən Onu özünə hesablaya bilmədiyin kimi
səni Özünə hesablayıb O
bitdi hörümçək toru bağlamış gözlərin filmi
qatarlar gedəndə yaxşı ki geriyə baxmır
indi neyləyirsən kim ollduğumu
tutaq ki bu şəhərdə bir şam ağacıyam
sibir ormanlarından gətirilmiş bir qocaman şam
qumrular yuva bağlamış qəribliyimdə deyək
nə dəyişəcək bununla
düzdü, şam budaqlarının yaşıl iynələrinə toxunan fəsillər
sabun köpüyündən başqa bir şey deyil əsla
amma gərək unudulmasın
yarpaqları həmişə yaşıl olsa da
şam ağacları kökləriylə yaşayırlar zamanı
gövdələriylə qocalırlar duyulmadan
bitdi hörümçək toru bağlamış gözlərin filmi
qatarlar gedəndə geriyə baxmır
yaxşı ki qanrılıb baxa bilmirlər
amma bir gün qayıda bilirlər hökmən
filmin sonu əvəzinə
ekrana bir stalker ölüsü qayıdırmış kimi
yuxusuzluq - 2
“getmə, tərsa balası, mən də sənə sayə gəlim...”
(Kavladi Koeslav Rin-ə bir yaddaş güzgüləməsi)
yığışdır səccadəni deməyə gücün çatmırdı
əvəzində qoy mey süzüm deyirdin dərddaş keçib daha
divardakı iblis şəklindən qalxan toza tüpürürdün
başını qaldırıb xaç çəkdiyin yerdən
qar yağırdı eşikdə oynaşan uşaqların səs-küyünə
göyün yumşaqlığıyla beləcə örtülürdü günün gerçəyi
yenə orada
ölmüş vaxtın yanmış qanadlarını öpürdün yaş kipriklərinlə
hisli bir lampanın içindən gəlməliydi yol
amma məbəddən gəlir deyirdin
yumşaq gecənin qarlı üzünü cızırdı
çalınan kilsə zənglərinin səsi
səni vuran məntiqin dəmir dabanları altında
içinin sirri bir badam çəyirdəyiydi –
xıncım-xıncım qırılırdı alın sümüyündə qışın
deyirdin: xəncər tiyəsinə keçirilmiş
çörək tikəsinə bənzəyir dönük ürək –
soyuqlarda quşlar yox quşqular dimdikləyir onu
ayağı üzüklüdü sülh göyərçinlərinin
yalandı, nişan vurulub hamısına deyirdin
sonra tüstüsü boğulduqca üzülən ocaqla danışırdın
guya tüstünün xaça döndüyü göy üzünün ismarışı
həm düymələnir bir həvarinin daş-qalaq olmuş gerçəyində
həm də açılır demək
ağzının duasıyla yalançı bir möminin söyləyirdin
amma bu gerçəyin çatlamış camından ayrı şeylər sızırdı
gecənin qabırğasını sökən ağzı qanlı köpəklərin zingiltisi
boyunlarındakı zəncir cingiltisinə dolaşmışdı
sürüklənirdi yuxusuzluğun üşəntili dibsizliyinə
əslində adi bir gecəydi
eşikdə oynaşan uşaqların qar basmışdı səs-küyünü
ölümsüzlük iksirinin qoxusunu gəzirdin – amma hanı?
deməli gəldiyin kimi də gedəcəksən, hə? amma hara?
deməli təzədən pozulub yazılır bu saxtakarlıq söyləyirdin
yığışdır səccadəni deməyə gücün çatmırdı amma
əvəzində qoy mey süzüm deyirdin dərddaş keçib daha
divardakı iblis şəklindən qalxan toza tüpürürdün
sonda mey badəsinin çırpıldığı divara
maddım-maddım baxırdın
bax, bax deyirdin ordan başlamalıydı hər şey –
gözlərinin dibinə saplanmış
qılınc tiyəsinə doğranan dərdinə işarə edirdin sonra
amma bilmirdin ki orda
yuxusuzluğun nədəni çürüyürdü çarəsiz işıqların quraqlığında
əslində adi bir gecəydi
qar basmışdı eşikdə oynaşan uşaqların səs-küyünü
divardakı iblis şəklindən qalxan toza tüpürürdün
üzgün bir dost səsi çırpılırdı sənə
o səs: get, – deyirdi – tərsa balası, sən sərxoşsan artıq
yetər Şeirə damdığın
çaşqın
kim olduğunun fərqində deyil o artıq
bildiyi bircə budu: ondan üsyançı çıxmaz heç vaxt
bir zaman ilana dönmüş nifrəti öcü
zəhəri dişində qıvrıla-qıvrıla gedib içindən çünki
qabığını beyninin qumluğunda buraxıb da gedib
bu gediş “hər an qayıda bilərəm” mesajına bənzəsə də
əslində bir vidadı elə
başqa şey deyil
adi adam zamanın sularına baş vuranda yox
çıxanda görür saatının içinə dolmuş ağılsızlığını
boğulmuş vaxtın eybəcər ölüsünün
ağılsızlığında necə üzdüyünü görür
amma güman ki üsyançıların gözlərinə
başqa şeylər görünür o an
kim olduğunun fərqində olmasa da
bu adam indi yaxşı bilməlidi
sındırılmış bir ingilis qıfılının
gərəksiz açarına oxşayan bir ömrü
nə qədər qorusan da faydası yoxdu –
çünki o heç nəyə yaramayacaq bir daha
o bilməlidi
belə ömür nə qədər uzansa da
mənasız bir saniyənin dəyərsiz bir əksi də deyil heç
bir gecə
bax o saniyədən daman bir damla yuxuda
bir uçağın çöl boyu sürünəndə quşlara parodiya kölgəsi
sürünüb də
qurumuş ağacların çiynindən bir toxunuşla salanda
dünyanın bu ən miskin adamının
göylərə aparılan tabutunu
adam diksinərək sıçradı
çıxdı o yuxunun soyuq tər daman çiskinindən
açıq-aydın gördü: heç nə yoxdu –
nə qiyamət nə həşir nə viranələr
ilk gözlərinə çarpan əlahəzrət divar saatı oldu
ilk yadına düşən haçansa yazdığı
“saat əqrəblərinə çiçək rəsmi çəkməsin ustalar
üstünə bir kəpənək qonarsa
əbədi durduracaq vaxtı” sözləri oldu
yuxusuna və bu sözlərin puçluğuna
başını buladı səssiz gülərək
adam çəkdi başına yorğanı
çəkdi və elə bil bununla
zamanı çoxdan durdurmuş
kəpənək yüngüllüyündə bir Ölümün altına girdi
və “məndən üsyançı çıxmaz...” pıçıldadı
ilana çevrilən nifrəti öcü
zəhəri dişində
qıvrıla-qıvrıla getdi içindən
qabığını beyninin qumluğunda buraxıb da getdi
o susurdu və düşünürdü:
həyat adicə bir su bardağındakı milçək ölüsündə
öz boşluğunu və mənasızlığını mumiyalayırsa
mücadiləsində məna yoxdu daşları çatladan Sözün
indi bu adam
bir gün nəvəsinin çəkəcəyi
çobanyastığı rəsmiylə
ruhunun sağalacağına çox inanır
içində bir gün fəsillərə son veriləcəyinə də əmindi
onda qollarına girərək halsız kölgəsinin
“çıx eşiyə, daha yazdı...” yox
“zamansızlıqdı” deyəcəklər “gəl daha...” düşünür
onda tabutdan düşüb qayıdan
kəfənini əmmamə kimi dolayanda
zamanın baş hakiminin başına
və saatının içinə baxaraq
yumanda gözlərini xoşbəxtcəsinə
dünyanın bu ən miskin adamı
bu ən qatı üsyançısı ayılacaq guya
sevgisinin tərs üzündə nifrəti öcü olmaya-olmaya
beyninin qumluğunda basdırmaqla keçmişini
guya kim olduğunun fərqində ola biləcək
Avanqard.net