Yusif Nəğməkar - Sürtük, sırtıq, ağzı yırtıq və artıq...
23/05/2014
İSTEDADSIZ
İstedadsız
adsız-dadsız
təamdı,
İstedadsız
odsuz
tiyandı.
İstedadsız adam-
Nadan kələyi,
Vaxtsız əsən səhra küləyi.
İstedadsız adam-
Məhsul verməyəcək əkili,
Adamın özü yox,
Quruca şəkili.
İstedadsız adam-
Sürtük, sırtıq,
Ağzı yırtıq və artıq...
İstedadsız-
Adsız.
Nə kür, nə mağıl...
Kinli,
Xain,
Paxıl.
İstedadsız adam-
Gopdan üzü ağ
Xəyanətə ən yaxın.
Həyatdan çox uzaq...
Harda aş -
orda baş.
İstedadsız adam-
Kəmfürsət, hövsələsiz,
Talançı olur
Yalanın özü kimi
yalançı olur.
İstedadsız adam -
İçilməsi müşkül mey,
Çalınmaz ney.
İstedadsız adam-
Adamdan başqa hər şey...
BOYUNDURUQ
Mən girdə boyunduruğu
Uşaqkən qapımızda görmüşəm.
Sevinə-sevinə yüyürüb
Üzüyola heyvandan qabaq
Həlqəsinə girmişəm.
Tanıyıram boyunduruğu:
Bilirəm ki:
Öküzlərin, kəllərin,
Əməkçi əməllərin
Qismətinə yarlıqdı:
Ay maşallah! -
Boyunda boyunduruq
Yaman bəxtiyarlıqdı!...
Boyunduruqdakı boyuna
Yaxşı naz yaraşır, naz;
Onsuz da möhkəmdi, boyunduruq -
Qırılmazdı, qırılmaz!
Sınmaz ağacdan kəsilib,
Bəlkə min dəfə
ehtiyatla,
ya saymazyana
Ölçülüb-biçilib.
Üstündə yüz məqsədə and içilıib...
Hələ seçilib,
köçülüb,
kiçilib.
Düzəldilən gündən
təmənnayla, minnətlə
Kiçik, işgüzar, qoçaq
boyunlara qoyulub,
boyunduruq olub.
Onu təslim,
həm də
sülhsevər əlləriylə
boynuna keçirənlər
Nuh əyyamından
Boynu buruq olub.
Buyurana
Öz buyruğu bayraq olub -
Buyrulana
Öz həyatı buyruq olub.
Əzab çəkən,
Qəzəb bükən
boyunlar da
boyunduruq altında
Boyun yox, quyruq olub.
Boyunduruq içində
O mələyən öküzdü?
Quzu, yoxsa qoyundu?
Yoxsa elə boyundu?
Qoyun boyunduruqda,
Boyun boyunduruqda -
Bilmirəm nə oyundu...