Avanqard

Yetim Qacar - Ramiz Qusarçaylının misrası

22/02/2017

Şair  var  gözünün qabağında  sözün  anasını  ağladır,   amma  susursan, üz-üzdən  utanır   deyə.  Amma  şair  də var şeirləri  adamın yaddaşını  ağladır  və utanırsan  özündən, onu bir  dəfə üz-üzə görüb  əlini sıxmadığın üçün
Birinci dediklərim Azərbaycan  ədəbiyyatının  yağışdan sonra  göbələləridir ki, hər yeri basıblar.  Saytı  açırsan üzünə gülümsəyir,  qəzetə baxırsan,  şəkli diş  ağardır  amma...  
Televizoru  açırsan sözü,  tədbirə gedirsən özü  gözünə  girir. Vicdan  səni dirəyir  divara, danış   deyir,   amma  sən ona yaxınlaşana qədər  üz-üzdən utanır,   ürəyinin göbələk yeri “get  meşəyə,  ədəbiyyatı  ləkələmə”-  sözünü dilin həmin şairə belə tərcümə etdirib çatdırır  
Siz  göbələk  kimi  gəncliyi  hamıdan qoruyursunuz öz  papağınızın altında.  Ədəbiyyat  meşəmiz sizin kimi çinarlardan  əksik olmasın.
Nə edəsən durub dilini yalançı  çıxarası deyilsən ki, həm də ataların sözü var; “Palaza bürün elnən sürün”.
İçin qan  ağlayır,   amma  dişin ağarır  daha dəqiq desək, mənim dişimin qızıldan olduğunu  nəzərə alsaq, onun ağaran dişinə  baxıb sənin dişin qızarır.
Cavan qızları  başına yığıb poza verəndə  lap onun yerində də olmaq istəyirsən, amma bu zaman vicdanın qulağına pıçıldayır;  “ə, kişi  ol, ə,  bu gün  şəkil çəkdirərsən sabah  prezident  təqaüdü verdirərsən birisi gün də hansısa müsabiqədə qalib edərsən istedadı olmayıb,  amma isti ve dadlı olan bir xanımı.  
Və özünə təsəlli verisən, vallah,  mən də onun yerində olsam, elə edərəm də. Adam xanımlarn xətrinə necə dəysin axı.
Hələ özünə bəraət  üçün Vahidin iki beytini  də  öz içində özünə yedizdirirsən:
Bütün gözəlliyi Tanrım ol sərvinaza verib,
 O hər nə etsə, təbiət Ona icazə verib.
Deyəsən, axı birincilərdən  çox danışdıq.  Bəs ikincilər!?  
Məsələn;  Akif   Səməd
Akif  Səməd  niyə bu qədər sevilir?  Gözəl şeirlər  yazıb?
Onun  yaradıcılığı barədə  fikir bildirmək mənim boyum üçün deyil, amma bir oxucu olaraq onu deyim ki,  Akif  Səməd özünü  yazıb, özündə  olan düzünü  yazıb. Budur Akif  Səmədi sevdirən.
Əvvəl  soruşaq  kim  idi Akif  Səməd ?
Cavabı  İbrahim İylaslı  versin.
Mənim xalam oğlu doğru kişiydi,
Yalanlar öldürdü Akif Səmədi.
  Bu doğru  kişini  niyə yalanlar  öldürdü ki ?
Çünki  onun dili  ürəyinin sözünü  tərcümə etmədən dedi. O, göbələyə göbələk deyə bildiyi  üçün  tez öldü.
Tək  idimi  Akif   Səməd?  Yox,  əsla.  Bu  millətin milləti düşünən oğlu tək ola bilməzdi...
Elə buna  görə də, Eldar Baxış da tez getdi aramızdan. Daha dəqiq aramızdan tez apardılar. Hadiyə  yazdığı “bir şairi öldürdülər bir ölkənin ortasında, ölkə bilmədi-bilmədi” - misraları əslində  özünə  və özü kimi insanların taleyinə mayak salmalı idi.
Həqiqəti deyən şairi öldürəcəklər. Şərt deyil  güllələsinlər.  Lap elə  Ramiz Qusarçaylı demişkən; “İndi şairləri güllələmirlər, ac saxlayırlar” timsalında.
Şairləri ac saxlayıb dərdlə  bəsləyib öldürdülər
Famil  Mehdi  kimi  Ağamalı Sadiq  Əfəndi  kimi  Hüseyn  Əfəndi  kimi.
Və  əfəndisiz  qalan millət  özünün düşük  ədəbiyyatını  yaratmağa  məhkum  olur,   amma  sonra yenə  Akif  Səmədə  qayıdaq.  
İradə Aytelin yazısında qeyd edildiyi  kimi; “Və Akif Səməd bir də deyirdi ki, “bu dünyada bir hax tərəzisi var, bir də mıx tərəzisi. Gün gələjək, hax da yerini tapajax mıx da”. Tapacaq....
Sonda  Tanrı, qoru  bizə etibar  etmə, özün qoru  
Yoxsa  küçənin  ortasında   özümüz öldürərik.
 Xocalıda çilikləndi,
Əlimdən saldığım Vətən. ...  deyən Ramiz Qusarçaylını.
“Biz belə  azadlıq istəməmişdik”-  deyən Ayaz Arabaçı kimi  şairləri.
Və   sonda  Şairlər  məhz  sadaladığım şairlər millətin canlı bayraqlarıdırlar.
Bayraqlarına sahib çıx,  millətim,  yoxsa  gec  olacaq...

Digər Məqalələr