Avanqard

Çinarı Ömray - Qubadlının böyük adamı

Avanqard 10/05/2026

Mən sizə şəkillərdən, evimizin söhbətlərindən tanıdığım, nənəmin fəxrlə “əmim oğlu” dediyi, kənd adamlarının, Qubadlı camaatının həmişə qürurla “bizim yerlimizdir” dediyi, duruşunda ayrı hikmət, baxışında ayrı ucalıq, saçının hər bəyaz telində bir ömür böyüklüyü yatan o adamdan Məhyəddin Qasımovdan danışmaq istəyirəm.


Mənə İsmayıl Şıxlının Azərbaycan kişisi obrazını xatırladan, təmkinində bir el ağsaqqallığı, susqunluğunda bir ədalət, baxışında neçə ibrətamiz hekayə gizlənən bu adam bir zamanlar Qubadlı kimi kiçik bir məmləkətdə dünyaya gəldi. Amma kim deyərdi ki, bu kiçik məmləkət içində belə böyük adamlar böyüyəcək. Bəlkə də böyüklük torpağın ölçüsündə deyil, insanın içindəki ucalıqdadır. Bəlkə də Allah bəzi insanları xüsusi seçir nə şəhər böyüdür onları, nə də vəzifə. Onlar sadəcə öz iç böyüklüyü ilə böyüyürlər.


Məhyəddin əmi də elə adamlardan idi.


Rayonda bir çox vəzifələrdə çalışsa da, o heç vaxt insanların yaddaşında məmur kimi qalmadı. Onun adı vəzifə ilə çəkilmədi, onun adı hörmətlə, ehtiramla, bir az da içdən gələn istiliklə çəkildi. Çünki o vəzifəni özündən üstün etməmişdi. O, vəzifəni insan üçün vasitə etmişdi, insanı vəzifə üçün yox.


Mən onu ən çox nənəmdən eşitmişdim. Evimizin ən qürurlu söhbəti idi o. Nənəm danışdıqca sanki biz uşaqlıqda bir kəndi yox, bir nağılı dinləyirdik. Ona görə də mən ona nə bəy, nə baba, nə müəllim deyəcəyəm. Mən ona elə atamın diliylə “Məhyəddin əmi” deyib xitab edəcəyəm.


Bu gün sizə heç vaxt məmurluğundan, tutduğu məqamdan istifadə etmədən yaşayan Məhyəddin əmidən danışacam. O adamdan ki, onun üçün insan olmaq vəzifədən daha böyük məsuliyyət idi.


Mənim uşaqlıq nağıllarımın qəhrəmanları elə kəndimizin adamları idi. Çünki biz qaçqın gələndə uşaq idik, kənddən ayrı düşmüşdük. Nənəm isə bizi kənddən qopmağa qoymurdu. Kəndi bizə xatirələrlə, sözlərlə, adamlarla yaşadırdı. O kənd bizim üçün coğrafiya yox, yaddaş idi. Və o yaddaşın içində Məhyəddin əmi xüsusi yer tuturdu.


Nənəm deyərdi ki, bir əmim oğlu vardı, bir baxan çönüb bir də baxardı. Duruşu ayrı, baxışı ayrı aləm idi. Elə bil adamın içini oxuyurdu, amma bunu heç kimə hiss etdirmirdi. Elə ki kənddə toy olardı, hamımız onu gözləyərdik. Sanki məclisin başlanması onun gəlməyindən asılı idi. O gələndə toyun havası dəyişərdi. İlk mahnı sifariş edilərdi, o ortaya çıxardı, amma özünü göstərmək üçün yox… sadəcə orada olmaq üçün.


Saniyəsində hamı onun başına yığışardı. Böyüklər də, uşaqlar da, hamı. Amma qəribəsi bu idi ki, o heç vaxt insanları özünə çağırmazdı. İnsanlar özləri gəlirdi. Çünki bəzi adamlar çağırmadan da mərkəz olur.


Hamı ona heyranlıqla baxardı. Amma o heyranlığı qəbul edən kimi yox, sadəcə təvazökarlıqla qarşılayan kimi dayanardı. Sanki “mən burada sadəcə bir insanam” deyərdi. Və bu cümləni demədən yaşardı.


Onun baxışında qəribə bir sakitlik var idi. O baxışda həm görüb keçdiyi illər vardı, həm də heç kimə demədiyi yük. Sanki çox şey görmüşdü, çox şey bilirdi, amma danışmağı seçməmişdi. Çünki bəzi insanlar danışaraq yox, susaraq böyüklük edirlər.


Saçının ağaran hər teli mənə indi daha fərqli görünür. O ağlar sadəcə yaş deyildi, kəndin, insanların, məsuliyyətin, həyatın öz izi idi. Bəlkə də hər ağ tel bir gecə idi, bəlkə də bir qərar, bəlkə də bir insanın dərdi.


Rayonda hansı vəzifədə olmasından asılı olmayaraq, o, həmişə eyni qaldı. Nə dəyişdi, nə dəyişməyə çalışdı. Çünki bəzi insanlar dəyişməmək üçün çox güclü olur. Onlar öz xarakterini zamanın küləyinə vermir.


Kənd adamları onu “bizim Məhyəddin” deyə çağırardı. O “bizim” sözü çox şeyi izah edir. Çünki o “bizim” olanda artıq rəsmi olmur, artıq məsafə olmur. O “bizim” olanda insan olur.


İndi geriyə baxanda başa düşürəm ki, nənəmin bizə danışdığı nağıllar əslində nağıl deyildi. O, bir kəndin yaddaşını qorumaq idi. O yaddaşın içində isə Məhyəddin əmi sadəcə bir obraz yox, bir dəyər idi.


Və bəlkə də ən böyük insanlıq elə budur, gedəndən sonra da yaddaşda vəzifə ilə yox, insanlıqla qalmaq.

Digər Məqalələr