Səxavət Sahil - Birinci Türkoloji Qurultayın yalanları - I
Avanqard 23/02/2026
Yenə də Birinci Türkoloji Qurultay haqqında...
Azərbaycanın elmi-mədəni, sosial-ictimai mühitində Birinci Türkoloji Qurultayla bağlı yanlış düşüncə var. Bu düşüncə hamının tanıdığı, hörmət elədiyi nüfuzlu şəxslər tərəfindən hələ də səsləndirilir. Guya Stalin türkoloqları müəyyən etmək üçün, onları bir yerə toplayaraq Türkoloji Qurultay keçirir, sonra qurultayın iştirakçılarını repressiyaya məruz qoyur.
Bu cür düşünən çox ciddi adamları şəxsən tanıyıram...
Qurultay 1926-cı ildə keçirilib. Türkoloqların da daxil olduğu repressiyalar 1937-ci ildə başlayıb. 1926-cı ildə türk dilindən, ədəbiyyatından, mədəniyyətindən danışmaq cinayət sayılmırdı. Əksinə SSRİ bunu təbliğ edirdi. Qurultay SSRİ rəhbərliyinin birbaşa istəyi ilə keçirilir. Qurultayda Lenin yoldaşın porterti yuxarı başdan asılır. Çıxış edənlər Oktyabr inqilabının türk xalaqlarının həyatında yeni mərhələ olduğunu dönə-dönə qeyd edirlər.
Repressiya olunan ziyalıların, xüsusən də türkologiya ilə məşğul olan elm adamlarının ittihamlarında Birinci Türkoloji Qurultayla bağlı heç nə yoxdur. Pantürküst ittihamı isə olduqca genişdir, daha çox millətçilik zəmnindədir. Birinci Türkoloji Qurultayda siyasi türkçülük (millətçilik), birləşmə və s. fikirlərinə də rast gəlməmişəm. Yoldaş Stalinin də, öldürəcəyi adamları 11 il öncə bir yerə toplayıb, onların kimliyini araşdırmaq kimi cəfəngiyat məqsədi olmayıb.
Yenə də deyirəm, bu cür düşünən çox ciddi adamları şəxsən tanıyıram...