Avanqard

Çinarə Ömray - Altı bacı-qardaşına ata olan Xanış dədə

Avanqard 13/05/2026

Bəzən insanı yaş böyütmür…
Bəzən bir gecə böyüdür.
Bir xəbər, bir yoxluq, bir ağrı böyüdür insanı.
Elə Xanış kişini də bir gecənin içində uşaqlıqdan alıb həyatın ən ağır yerinə qoymuşdu tale…


Qubadlı torpağında dünyaya gəlmişdi Xanış. Sadə kənd uşağı idi. O da hər uşaq kimi oynamaq, gülmək, qayğısız böyümək istəyirdi. Amma həyat onun üçün başqa tale yazmışdı. Onlar 7 bacı-qardaş idilər. Evlərinin dirəyi olan ataları müharibəyə getdi… və bir daha geri qayıtmadı. Nə məzarı bilinən oldu, nə yolu görünən… “İtkin” dedilər. Amma bir ailə üçün “itkin” sözü ümidlə ölüm arasında qalan ən ağır sözdür.
Ana isə bu dərdin ağırlığını daşıya bilmədi.
“Bu 7 uşağı mən necə böyüdəcəyəm?” deyə-deyə ürəyi dayandı.
Bir evin çırağı söndü o gün.
O gecə yalnız bir ana ölmədi…
O gecə bir uşağın uşaqlığı da öldü.
Səhər açılanda artıq o evdə 7 uşaq yox idi.
Bir Xanış vardı… bir də onun himayəsinə qalan 6 körpə…
Həmin gündən sonra Xanış daha qardaş olmadı, oğul olmadı, uşaq olmadı…
O gündən “dədə” oldu.


Müharibənin ağır illəri idi. Yoxsulluq vardı. Çətinlik vardı. Kənd həyatı vardı. Çörək tapmağın belə mübarizə olduğu zamanlar idi. Amma balaca Xanış heç vaxt “bacarmaram” demədi. Çünki onun arxasında gizlənəcək kimsəsi yox idi. Arxasında dayanan yox idi… əksinə, altı balaca uşaq onun arxasında dayanmışdı.


Qoca nənələri vardı yanında. Xanış səhər tezdən bacı-qardaşlarını nənəsinin başına yığar, özü isə kəndin bütün ağır işlərinə qaçardı. Kolxoz işləri, odun daşımaq, heyvanlara baxmaq... Hansı iş olurdusa görərdi. Yetər ki, axşam evə əliboş dönməsin. Yetər ki, o balaca uşaqlar ac yatmasın.
Bəzən özü ac qalardı, amma bacı-qardaşlarına hiss etdirməzdi.
Bəzən yorğunluqdan ayaq üstə güclə dayanardı, amma yenə gülümsəyərdi.
Çünki o yaşında anlamışdı - anlamışdı ki o ağlasa, o ev dağılacaq…
Kənd camaatı heyrətlə baxardı ona.
Çünki bir uşağın çiyinlərinə bu qədər yük düşərdi, amma o uşaq sınmazdı.
Balaca bədəni vardı, amma içində böyük bir dağ iradəsi yaşayırdı.
Onun bu cəsarəti, bu məsuliyyəti təkcə kəndin yox, dövrün böyük dövlətinin də diqqətini çəkmişdi. Hətta Sovet Sosialist Respublikaları İttifaqı belə onu əsgərlikdən azad etmişdi. Çünki Xanış artıq bir evin atası sayılırdı. Himayəsində 6 uşaq vardı.
Amma Xanış bununla dayanmadı.
O sadəcə bacı-qardaşlarını böyütmədi…
Onlara ata oldu, ana oldu, yol oldu, dayaq oldu.
Qardaşlarını oxutdu. Ali təhsil almalarına səbəb oldu. Bacılarını gəlin köçürdü, yuva sahibi etdi. Hər birinin həyatında öz əli, öz zəhməti, öz alın təri vardı. Onların uğurunda Xanışın yuxusuz gecələri yatırdı.
Ən qəribəsi isə budur ki, o heç vaxt etdiklərini qəhrəmanlıq saymadı.
Çünki o bunları borc bilirdi.
Ailə borcu. Vicdan borcu. İnsanlıq borcu…


  İllər keçdi…
  O balaca, çiyinlərinə dünyadan ağır yük qoyulan uşaq qocaldı. Əlləri qabar bağladı,   saçları ağardı, baxışları dərinləşdi… Amma kənddə heç kim ona sadəcə “Xanış” demədi.     Hamı onu “Xanış dədə” çağırdı.
   Çünki o, yaşa görə yox… çəkdiyi yükə görə böyümüşdü.
   O, atasız qalan bir evin atası oldu.
   Anasız qalan bir ocağın anası oldu.
   Altı uşağın taleyini çiyinlərinə aldı və bir dəfə də “yoruldum” demədi.


   Bu gün geriyə baxanda insan anlayır ki, bəzi adamlar sadəcə insan olmur…
   Onlar bir ömrün dayağı, bir nəslin qüruru, bir kəndin vicdanı olurlar.
   Xanış dədə də elə kişilərdən idi.
   O, var-dövlət qoyub getmədi.
   Adına saraylar tikilmədi.
   Şəkilləri qəzetlərin manşetinə çıxmadı.
   Amma o, bundan daha böyüyünü bacardı…
İnsan yetişdirdi. Ocaq söndürmədi. Bir ailəni dağılmağa qoymadı.


Ən böyük qəhrəmanlıqlar bəzən səngərdə yox, səssiz evlərdə yaşanır…
Bir uşağın öz uşaqlığını qurban verib bacı-qardaşlarına ata olduğu evlərdə…
Və bəlkə də bu dünyada ən ağır yük silah daşamaq deyilmiş…
Ən ağır yük , balaca çiyinlərlə altı yetimin taleyini daşımaq imiş. Xanış dədə bunu bacardı.
Ona görə də bu gün onu xatırlayan hər kəsin səsində hörmət var… Dualarında rəhmət var…
Ürəyində isə bir fikir: “Hər ailənin bir dayağı olar…
Bizim dayağımız Xanış dədə idi…”

Digər Məqalələr