Avanqard

Çinarə Ömray – Fazil müəllimin günü

Avanqard 03/03/2026

Bu gün 3 Mart, Yazıçılar Günüdür.
Və mənim üçün bu gün ilk növbədə Fazil müəllimin günüdür.
Fazil müəllim mədəni maarif texnikumunda şöbə müdiri, məsul katib, müəllim kimi çalışsa da, onun əsas vəzifəsi insan olmaq idi. O, sadəcə dərs demirdi, yol açırdı. Sadəcə yazmırdı, ürəklərə toxunurdu.
Ədəbiyyata sevgisi bir həvəs deyildi, bir ömürlük sədaqət idi. “Düşüncələr” adlı şeirlər kitabını yazanda o, misralara söz yox, ürəyini tökürdü. Hər şeirində bir yanğı vardı. O yanğının adı isə çox vaxt Qubadlı idi.
Qubadlı onun üçün xəritədə bir nöqtə deyildi. O, nəfəs idi. O, uşaqlıq idi. O, yaddaş idi. O, torpaq idi.
Hələ Qubadlı işğal olunmamışdan əvvəl də o şəhərdə yaşayır, işləyirdi. Amma işğaldan sonra onun içində başqa bir Qubadlı başladı həsrət Qubadlısı. Şeirlərində o torpağın adı çəkiləndə misralar ağırlaşırdı. Sözlər sanki ayaqyalın gəzirdi o torpaqda. O, Vətəni siyasi şüar kimi yox, itirilmiş bir doğma kimi sevirdi.
Onun vətən sevgisi hay-küylü deyildi. Sakit, dərin və sədaqətli idi. Elə özü kimi.
Şəhərə rayondan gələn hər kəs üçün ilk ünvan Fazil müəllim idi. Qubadlıdan, kəndimizdən kim gəlirdisə, əvvəl onu tapardı. Çünki bilirdilər o, sadəcə qohum deyil, dayaqdır.
Anam da…
Anam və onunla birgə rayondan gəlib şəhərdə təhsil alan neçə-neçə qohumumuz… Onların hər birinin taleyində Fazil müəllimin izi var. O kiçik, balaca evində neçə qardaş uşağını saxlamışdı. Sıxlıqda, çətinlikdə, amma ürəyi geniş bir evdə. Onların oxumasında, ayaq üstə durmasında, gələcək qurmasında onun əməyi vardı.
Bu gün şəhərdə oxuyub bir peşə sahibi olan, ailə quran, övlad böyüdən hər kəsin taleyində onun görünməz imzası var.
Bəzi borclar var ki, pul ilə ödənilmir. Onlar dua ilə, minnətdarlıqla, xatırlamaqla ödənilir.
Anamın baxışlarında ona qarşı xüsusi bir ehtiram vardı. O, evə gələndə anamın üzü dəyişirdi. Bu, sadəcə qohum sevgisi deyildi. Bu, minnətdarlıq idi. Bu, “mənim taleyimdə payın var” baxışı idi.
O, insanlara yaxşılıq edəndə bunu yazmaq üçün etmirdi. Danışmaq üçün etmirdi. O, elə bilirdi ki, insan olmaq budur.
Mənim də yaddaşımda bir səhnə var: O böyük, mərhəmətli əli ilə başımı sığallayır, “Böyüyəndə nə olacaqsan?” deyirdi. Mən isə həyəcanlanıb cavabı unudurdum. O gülümsəyirdi. O gülüşdə həm sevgi, həm ümid, həm də “sən bacaracaqsan” inamı vardı.
İndi düşünürəm…
Bəlkə də o sualı mənə yox, bütün bir nəslə verirdi: “Böyüyəndə kim olacaqsınız?”
Və o nəsil böyüdü. Oxudu. Ayağa qalxdı. Hərəsinin həyatında onun bir izi qaldı.
Bu gün Yazıçılar Günündə mənim üçün ən böyük yazıçı kürsüdə oturan yox, bir ailənin, bir nəslin taleyini səssizcə yazan adamdır. Fazil müəllim bizim ailənin yazıçısı idi. O, kitabdan çox insan yetişdirdi.
Onun şeirlərində Qubadlı ağrısı vardı. Onun həyatında insanlıq dərsi vardı. Onun evində ümid vardı.
Bəzi insanlar dünyadan köçür, amma onların açdığı yollar qalır.
Fazil müəllim o yollardan biridir.
Bu gün söz adamlarının günüdür. Amma mənim üçün bu gün həm də insanlığın, sədaqətin, Vətən sevgisinin günüdür.
Və mən bu gün ürəyimdə bir minnətdarlıqla deyirəm:
Bizim taleyimizdə iz buraxan adam – yaxşı ki, var idin.
Ruhun şad olsun!

Digər Məqalələr