Yeganə Cansail - Bütün uşaqlara...və bütün kişilərə...
16/01/2013
Mənim heç atamla
Gülümsəyən şəkillərim olmadı.
Yuxularda gördüm atamı,
Atasız uşaqlar,
Heç vaxt xoşbəxt olmadı!
Heç ağlamadım da
Sən gedəndə,
Anam səni söyəndə...
Heç küsmədim də
əynimə gəlməyən xoşbəxtlikdən.
sən gedəndə
böyük qayğılar geyib,
sevgimizi soyunmuşduq.
Heç şikayətlənmədik, ata
əsirgənmiş sevgidən,
bir nəfəs istidən
bir qucaq doğmalıqdan,
Allahın yadından çıxmaqdan.
Şikayətlənmədik,
Diksindik “qızım” kəlməsinə
Qızındıq, “qızım”ların istisinə...
Adamlar ürəyimi sıxanda
Gündüzlər uzaqda qalanda
Qaçmaq istədim qoynuna.
Açmaq istədim sirrlərimi
Kitab-kitab danışıb,
Nöqtə-nöqtə susmaq istədim, ata.
Suallarıma cavab istədim,
“olmaz-olmaz!” – uşaqları atasız böyütmək olmaz,
-Deyib, bağırmaq istədim,
Ata...
Tez qocaldım...
Saçıma ağ dənlər düşüb,
Gəlmə daha,
...gəlmə daha...