Avanqard

Xosrov Barışan - Hörüklərinə ilişib ayaqlarım 

24/12/2016

YENİ BİR RİTM

Qaranlığı mən yazmadım gecəyə,
Gözlərin yazdı...
Bax...hək olunur ürəyim bu tıxaclarda.
Sol döşümə mayın gömdü səsin.
Səsin ortadoğuda gurultudur
Savaş uçaqları tanrısı.
Toxunduqca sənə çatan yolların nəbzinə
Şeir olub patlayıram.
Dilim məsum,
Anasız bir uşaqdır, itgin olub.
Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi.
Susuz quyuların dibində səsləndi kəlmələrim!
Sözlərin gözlərindən su içirdilər.
Yox sən Yusuf deyilsən ki...
Səni göstərən barmağımı kəsdilər,
Ah... barmağım kimliyimi qanıtlayardı.
Güzgülərdəki üzlərdə itdi gözlərim.
Əh nə qədər əlləşsəm də
O müqəddəs adıvı
Şeirlərimdə səsləndirə bilməyirəm
Kəlmələri pozaraq tükənən silgilər şahid.
Hanı.., hanı mənim izlərim?
Söz vermişdim
Bu şəhərdəki tabuları birlikdə
Sındıracayıq sevgilim
Ancaq yolumuzun tabloları sındı, nə yazıq!
Bura Təbriz
Min üç yüz doqsan beşın ikinci ayı
Qar yağır, qar...
Şəhərin təkcə üzü ağarır, ağarır hey
Qar danaları göyərçinlər
Yuxularımı sənə aparırlar.
Çürüyür ürəyim bu vicdansızlıq havasında
O qədər qışsan ki
Tüpürsəm üzüvə donar arzılarım.
Sən bir qar adamı
Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni.
Qələmim matik vurar məni çağıran dodaqlarıva.
Qələmim al-qırmızı...
Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər.
Sus...sus...
Danışsan genişlənər ölümün sərhəddi!
Artıq qucağımdasan, qollarımdasan.
Böyüdüm otuz üç yaşındayam.
Saat üç, gecənin yarısı, ömrümün? nə bilim!
Yatağımdasan
Və xiyavanların bərkiyən döşündən şairliyim qaranlıq əmir...
Əmir...
Əmir...
Əmir bazarından sənə sırğa alanmadım.
Pulum yox,
Axı şairəm. tacir deyilim ki səni satanmadım.
Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin.
Sənin qulağıva bəxt ulduzumu sırğa edəcəyəm.
Təbim var.
Sən Təbrizim ola bilməzsən.
Əriyəcəksən, itəcəksən.
Yenidən göyərməyəcəksən!
Və bu şeir sonsuza dək
Islaq qalacaq gözyaşlarımda!
Yorğunam. Çox yorğunam, artıq
Gecənin saçlarını daramaqdan.
Hörüklərinə ilişib ayaqlarım.
Kimliksiz bir dəliyəm.
Sən Leylam dəyilsən ki...
Məni toprağımın ürəyinə quylayın lütfən.
Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində,
Ürəyimə su səpir,
Şeir gələndə toz olmayır.
Kitab yox bitik deyir, varaqlanır.., ayaqlanır...
Xış... xış... tap... tap...
Yeni bir ritimdir bu
Səni sevirəm musiqisindən.


İTGİN ADA


Bir adayam, itgin ada...
Dəniz dönübdür bir oda.
Əkdiklərim cücərməyir
Nəfəs yolu yox burada

Məni anlamır vətənim
Həsrətəm indi hər zada.
Yalqızlıq içimdə yaşır
Sukutla dolmuş bir oda.

Cəhənnəm içrə cənnəti
Kimsə salanmayır yada
Silirlər məni nəxşədən
Kaşiflər çatmır imdada!

Çirkinlər içrə bir gözəl
Çevrilər əlbət irada.

Dərd məni məndən elədi.
Döndüm tarixdə fəryada.
Çatdım acılar içində
Şeir içrə şirin dada.

Digər Məqalələr