Avanqard

Xəyalə Sevil - Gözüm ürəyimin suyunu çəkdi

17/06/2016

Əllərim gecə gözətçisi

Gözümdəki buludları boşaltmadın,
Bir bulud da sən verdin,
Bir  “unut” da sən verdin,
Unudaram...
İndi
Gözlərimin xəritəsində
Sən tərəf qaranlıq.
Bir cüt gecəqondu göz yaşım
Düşür əllərimə.
Əllərim gecə gözətçisi,
Gözlərim ürəyimin üzü.
Və sən xəyal qırıqlığım,
Ömür dağınıqlığım.
Gözlərimdə yatıb qalan
Həsrətini oyadaram.
Unudaram,
Nə deyirəm,
Unudaram...


Əllərim qoynumda dustaq

Gözüm ürəyimin suyunu çəkdi,
Quruda qaldım sənsiz.
Mən səninlə tam olmuşdum,
Yarıda qaldım sənsiz.

Gözümdən düşən dünyanı
Kim qoyacaq yerinə?...
Xəyallarım qız uşağı,
Qoşulub qaçıb birinə.

Əllərim, qoynumda dustaq,
Səni saxlamıram ki.
Pəncərəmi açıq qoydum,
Bulud doldu gözümə,
Yoxsa ağlamıram ki.


Gecə saat on iki

Axşam çağı küçələr
Tərk edilmək üçündü.
Üşüyən oturacaqlar
Əyninə xəzan geyir.
Göy üzündə yarım ay
Yarim gecə lampası.
Küləklər yelləncəkdə...
Aya, ulduza dəyir.
Ayrılığın bir ucu
Bu sarı qıza dəyir.
Sən də getdin, əzizim,
Eh! Elə onlar kimi.
Elə küçə kimiyəm,
Yıxılan yollar kimi.
Əllərim çətir olmur,
Yanağımı su aparır.
Indi sənin xəyalını
O aparır, bu aparır.
Vəə belə...
Oyunun sonu.
Gecə saat on iki.
Yeni günümdə olma,
İtirildi bu sevgi.

Digər Məqalələr