Avanqard

Xəyalə Sevil - Doğdu-törədi həsrətin

08/04/2014








Təzə - təzə sevgilərə çıxmısan


Qışa düşdü bu ayrılıq,
“ Əlvida”nı paltar kimi
O üşüyən dodağına
Geyib getdin.
Ürəyim yad qapısımı,
Döyüb getdin?!

Yollar da kəsmədi yolunu,
Açıldı üzünə taybatay,
Qapı kimi.
...Yollardan da küsmüşəm.
Doğdu-törədi həsrətin
Gözümdəki yaşları,
Həsrətindən bezmişəm.

Pəncərəmdən içəri
Boylanan yaşıl yarpağa
Yaşıl gözlərin deyirəm.
Sən, elə bir, boşluq oldun,
Dolmadı yerin deyirəm.

Təzə-təzə sevgilərə çıxmısan...
...Ayrılıq da bir yazıdı, həyatdı.
Daha bəyənməzsən mənim eşqimi,
Eşqim ötən ildən qalıb, boyatdı.


Bu bahar da sənsiz gəldi


Bu bahar da sənsiz gəldi,
Ömrüm bir bahar da gödəldi sənsiz.
Ağaclar bir az da böyüdü,
Yollar bir az da uzandı.
Yenə qayıtmadın,
Yenə ayrılıq qazandı.
Ulduz-ulduz çiçəklədi göy üzü,
Göy üzündən bir saxlım ay asıldı.
Göydə bizim taleyimiz yanaşı,
Yerdə ayrı ünvanlara yazıldı.
Ana oldum, ata oldun,
Evladımız bir olmadı.
Ayrılıqdan gizlənməyə
Belə böyük dünyada
Balaca bir yer olmadı.
Gözümün yaşıyla yazdım
Axırıncı sözümü,
Yolları kəndir kimi
Doladım boynuma
Asdım özümü.


Kim deyir ki…


Kim deyir ki,
Bu dünyanın bir üzü var.
Göy üzü var,
Yer üzü var,
Dünya iki üzlüdü...

Göyü əynimdən çıxarıb
Yeri geyinim gərək.
Bu dünyanın altını
Üstündən çox bəyənim gərək...

Bu yaz bir az da
Böyüyəcək qəbrlər.
Ölülər cücərib çıxacaq
Torpağın üstünə.
Və dünyanın təmiz
Həqiqətini söyləyəcək:
“Ölüm.”

Digər Məqalələr