Avanqard

Xanəmir Telmanoğlu - Boşalıb gedərəm göy qırağıyla

13/12/2017

ey dadi bidad danəndə dəhan dərviş d...
patişahın başındakı bitdən zara gəlibdir...
Sənin ruhun dildir dil
Söz ürəyinin harasında hecala-şar
Şamanın ən al qanında
Lap yeri deşən dabanında
Üzərində saxlandığı şah budağında
Faniliyə qas-qas gülən gücü
Gahdan artıb azalsa da
ayın üzü xamdı xam
Ay canda nə vaxt doğar
Göy dolanda məryəm ananın
Səsi dağlarda dönər ağıya
Gen sağlarda adamlar adamlar
Sıxar gözlərini oxuya-oxuya
Yerə-göyə gülüb qarışmayan
Allahın köhləni (itəni də) də birdi bir
Allah köhlənin neçəsindən kişnəşər
Yolu gedər yolu bular
Göyü güdər gözüm dolar
Belə casus görməməmişdim
Bircə qanımı daşırar
Bircə canıma oxuyar
Səsi ölümdən baldır bal
( bal çiçəyin yarasından mı şahlanar)
Səs balın harasından damar
Üfüqə baxar kimi baxaram sənə
Gözlədiyim candan tez keçər
(illər gəlib tez, tez keçər)
Ağarar saçlarım rəng deyər
Kürəyimdə soyuyar əllərin
Bircə yol da üz-üzə gələk
Gözlərini gözlərimə çax da( çıx da) gəl ( gül)
Səni gözləyən candı can
Sən canın harasına kəfilsən
Sən bu tənin harasına kəfənsən
əlin-ayağın qandı eyzan qan
durub durukən əl ayağın qanı boyuyar
qırpsam gözlərimi bir anlıq
açsam qanadlarımı şaqqqa şaqq
tapmaram tozunu da bir güldə
qaybın pərdəsində titrərsən
açılmır sirrin bağlanmır yolun
sən belə bir təhərsən
halın tutur tutur məni uzaqdan
halın ömrümün sonrasındadı
sənə baxıram itirsən
sənə elə baxaram itərsən
mahşər irəli gələr mahşər-
mahşər irəli gələr geri gedər
dolub daşar saatlar
səni vaxt bilib quraram
səni vaxtında bularam
görərsən gedib gəncliyim
zamanı ararsan boy-buxunumda
ruhum keçər əlinə ruhum
boşalıb gedərəm göy qırağıyla
o taya keçsəm incimərsən
bu tayda qalsam yenə sərsəməm sərsəm

2000

Digər Məqalələr