Avanqard

Xanəmir Telmanoğlu - Bir az günəşindən kəs şəms şəms...

04/12/2018

Avanqard.net Xanəmir Telmanoğlunun "Şəms" şeirini təqdim edir.
şəms şəms şəms

ey dili qafil fil faili məchul fani f...
axtaran şahın tapar
hardasan hardasan hardasan
çıx da baxım üzündəki axar sulara şəms
saçlarında şirinləşən meynələrə tamahlanım
gəl də görüm üzünü xərabət günlərin qurtulum məngənəsindən Şəms

adını içimdə itirmişəm
dilimdə sələnən adının qalıqlarıdır adından geriyə qalan izlərdir
sənin indi adın dilimdə səsdir
adını xatırlasam içim də adının səsinə düşər alışar içim Şəms

mənim içim yoxdur şəms yoxdur içim
sənin adının tutduğu itdiyi yer kimin ola bilər ki
mənim içim yoxdur Şəms yoxdur içim
adında gərək dolub daşan buludları ehtiyat saxlardın ya həzrəti şəms

nə işin nə işin bu suların axışıyla
bəs bu rüzgarların toxunuşunda alacağın verəcəyin nə
bir az günəşindən kəs şəms şəms
amandır ayın hilala keçidində nurunu bir az gizlət şəms
mən nəfəs və nəfs əhliyəm
səni sənin adınla tanıram
sənin yoxluğunun atəşini daha qınamıram şəms şəms

zəmanənin bitən gülləri fəqan eləyir
əşyalar qırmızıya qırmızıya darışır
harda bir söz görsən ürəyimin dibini qazıyır
nə insaf nə mürvət nə məlhəm şəms şəms
hər səsin hərfin ilk qoxusunu duyar duymaz
yenidən mənaların hüzuruna gəlirəm
özümü eşqə eşqə bu yolla təslim edirəm şəms

dünyaları atəşlərə verməyindən qorxuram

təkkələr zaviyələr hücrələr
cami köşələrində quqquldaşan göyərçinlər
onların titrək ürəkləri çiləxanələr bir də
çiləxanələr bir də şəms çiləxanələr bir də
ot basmış yolların uzantısına düşən qarşıqalar
hardan bilim sənin də halını danışar faniliyə
adını tutunca adını titrəyişlər işləyər iliyə şəms iliyə...

Digər Məqalələr