Avanqard

Xalid Mahmud - “S” Küçəsindəki ayaq izləri

13/02/2013


I

həyat dediyin şey nədir, bilirsən?!

işdən qayıdıb

evin qapısını açarkən

üstünə tökülən cağa səsi,

qadınının gözlərindəki

ərini gözləmək həsrəti...

və bu zaman anasını görüb

rahatlanan uşaq kimi

təbəssüm çiçəklənər yanaqlarında,

sonra sifətindəki yorğun kölgələr

bir-bir tökülər ayaqlarının altına...

ya da əksinə...

II

yolun harda bitəcəyini düşünmədən

ayaqlarımın arxasınca qaçdım

bəxtimin dalınca düşüb...

gördüklərimə deyil,

eşitdiklərimə inandım və

özümü inandırmağa çalışdım, -

sevirmişəm, ona görə.

bir az sərxoş,

bir az dəli kimi göründüm

dostların gözünə...

hamı sevgiyə tutulduğumu düşünüb

ürək-dirək verdilər.

ancaq mənim

hansı dünyanın adamı olduğumu

unutdular, unutdular...

III

unut, sən də unut...

unut məni bu küçə kimi,

üzərimdən keçib ayaqla, çıx get.

arxanca sürünən gözlərimə bax,

bir az kədərlənib, bir az darıx get.

ömür qanadlanıb uçan quşdusa,

eşqin ürəyimdə qara daşdısa,

bu sevgi gözümdən axan yaşdısa,

ovcunun içində doyunca sıx get.

sən qoydun qəlbimə, sən bu qadını,

indi də sən onun silib adını...

qəzaya uğrayan köhnə odamı

sən öz əllərinlə özün dağıt, get...

IV

sənsizlik dolu qədəhi başıma çəkincə

beynimin damarlarını sıxan

duman yox olur və

əski günlərin xatirələri

canlanır gözlərimin qabağında...

az deyil, düz dörd ildən sonra

qarşıma çıxıb

heç nə olmamış kimi

hər şeyin yenidən başlayacağına

zəmanət verməklə

hər şeyin yaxşı olacağına

ümid bəsləyirsənsə, heyhat,

yanılırsan...

yanılırsan ona görə ki,

bu ürəkdi, daş deyil,

onsuz da üzünə çırpılıb bəxtin qapıları...

sənsə heç nəyin fərqində deyilsən...

V

bu gecə içimdə bir üzüntü var,

bu gecə qar döyür pəncərəmizi.

təkəm, təkliyimin keşikçisidir,

küçə itlərinin sahibsiz səsi...

bu gecə sərxoşdu ümidlər yenə,

gəlmədin taleyin ayıq vaxtına.

səni elə sevdim...

neyləyim ki mən,

düşmədin bəxtimin oyaq vaxtına...

soyuyub otağın divarları da,

sənsizlik asılıb hər köşəsindən.

arzular başını salıb aşağı,

ümidlər ürpəşir bayquş səsindən...

bu gecə içimdə bir üzüntü var...

VI

gecələr çox uzun olurmuş,

bunu gözlərimdən öyrəndim...

hər gecə bir şam yandırdım

sən keçdiyin küçədə.

şam söndü, ümid tükəndi...

təkcə ayaq izlərinin yeri göynəyir

ayaqladığın yolların üstündə...

VII

zaman qamçılayıb, Allah qarğayıb,

tale qəzasına uğrayanları.

ya ölüm haqlayıb vaxtından qabaq,

ya sevgi odunda yanıb canları.

bəxti gətirməyib arzularımın,

keçmişəm dərdlərin tər yaxasından.

bulud gözlərimdən çox yağış yağıb,

ümid axtarmışam hər damlasında.

hər gün arxasınca xam xəyalların,

özümü yormuşam qaçıb dalınca.

durub qapınızda qara sevdamın,

yolun gözləmişəm qaş qaralınca.

elə budur bəlkə ölüm dediyin,

nə ünvan görünər, nə rəngi bəlli.

sevgi oyununda uduzanlara,

intihar həvəsi olub təsəlli...

VIII

tənhalıq pis şeydir,-

qadın nəfəsindən,

uşaq səsində

yetimdi

toxuna bilmədiyim hər şey...

bunu mən bilirəm,

bir də

kirayə qaldığım otağın divarları...


Avanqard.net

Digər Məqalələr