Avanqard

Vasif Əlihüseyn - Qayıt, qadınsız kişilərin tək qaldığı yerə

02/10/2018

SƏNİ BU ŞƏHƏRDƏ TAPMAQ ÇƏTİNDİ

Mən ən çox anamın şəklini siləndə
təmiz şüşə sildiyimə görə sevinirəm
sən bilmirsən axı,
sevdiyim qadını ən çox anam olsun deyə oxşayıram
oxşayıram ki, anam yuxuma girsin
oxşayıram ki, qadınsız qalmış
təndirinə çörək yapsın...

Mən ən çox kəndimizə
anamın məzarına görə gedirəm
gedirəm ki, anam sevinsin
sən də sevin, qadın
sevin ki, səni anam kimi
sevdiyimçün

Atamın uzaqlarda olması
bəlkə də
anamın ən böyük ayrılığıdı
başqa dildə danışan qadınlara qısqanır onu
başqa dizlərdə qatır atam
qadınsızlığının başını

indi bir uşaq adı tapmaq qədər çətindi
səni bu şəhərdə tapmaq
nə olar qayıt,
qadınsız kişilərin tək qaldığı yerə


QOLLARI ARXASINA QANDALLANMIŞ MƏHBUS KİMİYƏM

Məni görmədiyin gecələrdə
nə qədər ağlamısansa
hamısı susuzluğumu yatırdıb

şəkillərimə baxdıqca
daha çox
gözümə görünmüsən

qolları arxasında qandallanmış
məhbus kimiyəm

sən gül gözləyirsən
məni isə
əlvida demək üçün əyilmişəm
qulağına pıçıldamağa.


SÜPÜRGƏÇİ QADIN

hər gün yol süpürürsən
hər gün işin zülmdə
bir qarışından keçir
sənin hər gün ölüm də

yol süpürüb zibili,
torbaya atan qadın
yollarda od qalayıb
isinib, yatan qadın

bilirəm imkanın yox
haray-həşir bu səsdə
yoldaşın atıb gedib
uşaqların da xəstə

o nimdaş geyimini
yusan da təzələnməz
yollara zibil atar
qədrini bilməyən kəs

bax, haçandı yox idin
bilmirdik ki, neynirsən
təzə gödəkcən gəlib
uşaqtək sevinirsən

Digər Məqalələr