Avanqard

Vasif Əlihuseyn - Ömrümüz qısalırdı, köynək qolları kimi

20/06/2017

Avanqard.net gənc şair Vasif Əlihüseynin şeirlərini təqdim edir.


BİZİM UŞAQLIQ XATİRƏLƏRİMİZ


İçimizdə o qədər böyümək həvəsi var idi
həmişə böyük adamların əyninə paltar alırdıq
evdə deyirdilər ki - gələn ildə geyərsiniz

Əynimizdəki köynəklərin qolları qısaldıqca
biz də böyüyürdük
bir az da ömrümüz qısalırdı, köynək qolları kimi

nə yaxşı həftə sonu var idi,
dəyişəyi olmayan paltarları yumaq üçün

Yazıq anamın dırnaqları su çəkmişdi
paltar yumaqdan
bir də palçığa bələdiyimiz daroşqaların üstündə
rezin çəkməylə şaqat eləyirdi yazıq qadın

İndi o daroşqaların üstündə
o qədər iz var ki:
bizim uşaqlıq xatirələrimiz
        və bir də anamın ayaq izləri



ONDA DAHA BÖYÜK GÖRÜNÜRDÜK

Gözəl uşaqlığımız vardı
kəndimizdə
park nə idi, bilmirdik
qoyun nabatında
oxuyardıq dərsimizi

Onda nənəm – babam sağ idi
o, qədər qoca vardı
kəndimizdə
qocaların hesabına
uca idi kəndimiz də

Onda pulsuz vaxtlarımız var idi
bizə də öyrətmişdilər
cibi boş kişilərin
nisyə siqaret almağını

Onda daha böyük görünürdük
atamız – anamız arxamızda gizlənəndə
işıq pulu yığanlara:
-Evdə heç kim yoxdu – deyəndə.

Atamın sağ əli üçün
aldığı təqaüt də bir işə yaramırdı
deyirdi bu nə puldu
tək qolla yaşayan adam üçün

 İndi hamımız təkik
atamın sol əli kimi
 
   

MƏN DƏ ELƏ DARIXIRAM

Gözlərim yola dikilir,
günlərim daralanda.
Mən də elə darıxıram,
gecələr qaş qaralanda.

Hər gün evimdə təm-təkəm,
divarlar üstümə gəlir.
Bəzən olur, təkliyimdə,
özümün pisimə gəlir.

Gəlir adamlar düz keçir,
evimin işığı sönmür.
Daha sənin kimi heç kim,
dolanıb başıma dönmür.

Vaxtımı verirəm bada,
darıxıb hara gəlirəm.
Günləri paltarım kimi,
ağ yuyub, qara sərirəm.
 

SİNƏM QADIN BAŞI ÜÇÜN AĞRIYIR

Köynəyimi geyən gündən
içimə hopmusan
oturub qurulandığın
məhrəbanı yuyuram əllərimdə

Bilirəm qadınlığını
mənilə görüşəndə hiss etdin
köynəyimi elə düymələmisən ki
qollarım da qalxmır açmağa

o qədər tənhayam ki
sinəm bir qadın başı üçün ağırıyır indi

Biz nə dost olduq
nə də sevgili
təsadüfi görüşlərin xatirəsi qaldı
sənin başında
mənimsə sinəmdə

Digər Məqalələr