Avanqard

Vasif Əlihüseyn - Nədir cəriməsi sənə baxmağın

12/02/2018

QATARDA YOL GEDƏN KOR SƏRNİŞİNƏM

Əllərin buzdumu, belə soyuqdu,
donub qollarında o buza qalıb.
Deyirlər sabah da günəş çıxacaq,
hamının ümidi ulduza qalıb.
 
Nədir cəriməsi sənə baxmağın,
adam da qəbrinə aparır ağın.
Suları üstündən gedən torpağın,
indi hər tərəfi qır duza qalıb.
 
Bir ocaq da yoxdu dondum, isinəm,
çalın-çarpaz dağdı, dağ görən sinəm.
Qatarda yol gedən kor sərnişinəm,
ümidim bircə yol o qıza qalıb.

 
BƏXTİM DƏ GƏTİRMİR...

 
Can çıxır, hər dəfə can sağaltmağa,
elə qismətimdi, birtəhər olum.
Dünyaya o qədər kasıb gəlmişəm,
bəxtim də gətirmir bəxtəvər olum.
 
Başımda nə boyda fikir var, gicəm,
elə bacarmıram doyunca içəm.
Səni çox gözlədim, çıx, get, ay gecəm,
gəlmişəm bu sabah mən səhər olum.
 
İndi bu təklik də yetməz dadıma,
əlçatmaz olmuşam öz muradıma.
Sual göndərirsən hələ adıma,
bilmirsən mən sənsiz, nə təhər olum.


ÇIX GET, DÜKANA  DÖN

çıx get, uşağını saxla
mən də başımı saxlayım.
sən başında yaylığını,
mənsə, daşımı saxlayım.
 
qollarını çox geniş aç,
sənə qaçan oğul-qıza.
hamı yatsın, məni düşün,
yatağında rahat uzan.
 
neyniridin ki, o üzüyü
taxırsan e, duran kimi.
ürəyinə də dolaşıb
səni çalan ilan kimi.
 
çıx get, dükana dön,
evə bir şey al
uşaqlar qaçsın qabağına.


QOLLARI ARXASINA QANDALLANMIŞ MƏHBUS KİMİYƏM

Məni görmədiyin gecələrdə
nə qədər ağlamısansa
hamısı susuzluğumu yatırdıb
 
şəkillərimə baxdıqca
daha çox
gözümə görünmüsən
 
qolları arxasında qandallanmış
məhbus kimiyəm

sən gül gözləyirsən
məni isə
əlvida demək üçün əyilmişəm
qulağına pıçıldamağa.

Digər Məqalələr