Avanqard

Vasif Əlihüseyn - Kənd qadının ərindən umduğu

18/04/2016

MƏNİ BAĞIŞLA ANA

Torpağı daha çox sevdim
yasdığın olan gündən
indi yağan yağışlar
keçirmi heç canına?!
 
bu gün bacıma da dəydim, yaxşıdı
qardaşım da didərgindi qapıdan
sən axı bilmirsən,
səndən sonra da
atam hamımızı qovdu qapıdan

bir şərif saxladım
səndən yadigar
sənsiz vaxtlarımda qoxunu alım
bacıma övlad tək sarılıram ki
sənin olmadığın yoxunu alım

vallah didərginik evdən – eşikdən
indi nə səs gəlir,
nə də ki səmir
ana, üstümüzə düşən adamlar
sənin varlığını heç cür istəmir

mən axı bilmirdim
belə olacaq
yetim uşaqlara hamı qışqırar
üç uşaq bu cürnə yetim qalarıq
üç uşaq itirər səadətini

mən axı bilmirdim
məni bağışla

 
SÜMSÜK İT TƏK...

yorğun gecədən keçmiş,
bu sərsəri, bu axmaq.
bilirsən mənlik deyil
saç – saqqalı uzatmaq

ev üçün darıxmıram
axı, yoxdu bir kəsim
sən də evdə deyilsən
hər gün evə tələsim

həyətdə paltarlarım
şaxta düşsə, qac olur
qadınsız kişilər də
sümsük it tək, ac olur

sən dediyin təkliyin
adına nə deyirlər
kişiyə hamı dəli
qadına nə deyirlər?!


DÜNYANIN ƏN TƏHLÜKƏLİ MÜHARİBƏSİ

Kənd qadının
ərindən umduğu sevgidi
üzündəki sillə izləri
qadın elə bilir döyülməlidi
kişi elə bilir döyməlidi
burda qadınlar palaz ayaqlayar
kişilər isə qadın...

Atalara qarşı nifrət hissidi
qadın bətninə vurulan təpiklər.

Evə sərxoş gələn kişilər
sonradan anlayacaq
dünyaya şikəst uşaq gətirdiklərini.

Dünyanın
ən təhlükəli müharibəsidi
böyüklərin uşaq yanındakı davası

onlar sonradan görəcəklər
uşaqların bədənindəki
qəlpələrin ağrısını
onda hər şey gec olacaq.

Digər Məqalələr