Avanqard

Vasif Əlihüseyn - Gəlin görməyən anam

23/01/2017

KÜRDƏXANIDA YAŞAYAN GƏNCİN ETİRAFI

Hamının çıxıb getdiyi küçələrdə
Yağışdan sonra palçıqlar da dizəcəndi
Hələ bacasından tüstü çıxmayan evlərdə
Körpələri də böyük sırıqlara bələyiblər.

Zirzəmisinə qurunt suları dolmuş evlər
Böyrəyinə su yığılmış insanlar kimidi
Hə, bir də döşəməsində gəzən insanların
Ayağındakı ağrılar, nə xəstələyidi bilirsiniz.

Hamının içində bir peşimanlıq şüarı:
“Bilsəydik Bakı buradı, gəlməzdik”
Görməzdik Bakını, ölərdik kəndə öz xarabamızda

Qayıdıb kəndimizə getmək lazımdı
Elə bizi Bakıya görə sevən kənd qızlarımızdan da
üzr istəməliyik.
Deməliyik: bağışlayın, sizi Bakı adıyla bataqlığa gətirdiyimiz üçün


ÖMRÜM UZUN OLACAQ

O qədər darıxmışam ki,
sevdiyi qıza qovuşmaq üçün
kalendar qaralayan əsgər kimiyəm

heç nə demirəm,
bir dəfə gələsən
özü də bir dəfə
yeyib qabını sapa düzüb
qapı zəngi düzəltdiyim kilki qablarının
zənginə çıxam

və görəm ki, gəlmisən
hiss edəm ki, qazanım qaynayacaq
evim təmiz olacaq
daha deyinməyəcəm
boğazı qartmaq bağlamış köynəklərimi yumaqdan

hiss edəm ki, yaşayacam
ömrüm uzun olacaq....


GƏLİNİN GÖRMƏYƏN ANAM


indi belədi adamlar,
belədi iç üzləri.
yalanları bir yana,
unutdular düzləri.
 
hanı bəs bizim üçün,
özlərini öyənlər.
yorulub çıxıb getdilər,
dizlərinə döyənlər.

yanımızdan tələsən,
bizə qalan adındı.
gəlin görməyən anam,
bu da, sevdiyim qadındı.



DİNCƏL XINA YAX ƏLİNƏ


Köksümdən düşər əllərin
düşər uzaqlara gedər.
Yarıyoldan dönən gəlin,
başqa qucaqlara gedər.

Kimsən başımı qatırsan?
de, görüm kimin yerinə.
Sən getdin, heç kim gəlmədi,
dincəl, xına yax əlinə.

Deyim, səni unutmuşam,
deyim, hər şeyi dalınca.
Bir evdə ayrı qalardıq,
bax elə, belə olunca. 

Digər Məqalələr