Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18/09/2019
ƏLLƏRIN QABAR BAĞLAYIB
Bir vaxt evində kirayə qaldığın qadın üçün
Bəlkə də,
bu tək otaqlı evinin
neçənci kirayənişiyəm, Zərqələm xala.
görən verdiyim pul hansı işinə yarıyacaq
hansı qızın gəlin köçəcəksə, xoşbəxt olsun.
Bir əlin öz övladlarının
bir əlin də mənim kimi rayondan didərgin düşən
yetim kirayənişinlərinin üstündədi.
mən öz evimə köçmək üçün
sən isə tək otaqlı evindən getməyim deyə
yalvarırsan Allaha
yalvarıb niyə yolumu bağlayırsan?
niyə istəmirsən öz evim olsun?
Getməyim deyə, evimi təmizləyirsən,
yatağımı dəyişirsən
axı bilmirsən təmiz olmur
ay sonları da tez çatır
qapımı tez-tez döyür əllərin
əllərin qabar bağlayıb
qapı döyməkdən, Zərqələm xala!
UŞAQLIĞIM YADIMA DÜŞÜR...
Kənd uşaqlarının dizindəki qaysaqları gördükcə
uşaqlığım yadıma düşür
yadıma düşür yıxılıb burunumu qırmağım
dizlərimi sivirməyim
anamın o yaranı üfürməyi
elə gözəl idi
Elə gözəl idi dizimdəki yaraların
qurumuş qaysaqlarını qoparmaq
Bu küçənin tinində duran uşaqların
kimdənsə siqaret istəməsi
ömrün arxasından itələmək kimidi
günə bir siqaret yandırıb
günü yola salmaq...
İndi məktəbdən çıxan şagirdləri görəndə
ona oxu! deyən müəllimi dinləmədiyi üçün
başına döyür əllərini
kəndimizdə əsgər gedən oğlanların
yolunu gözləyən qızlardan daha çoxdu
universitet oxuyan qızların
yolunu gözləyən oğlanlar
Oturub fikirləşirəm
nə yaxşı sevdiyim qızın anası
məni bu küçənin tinindən qovdu