Vasif Əlihüseyn - Atamın “protez” ayağı
03/03/2017
Avanqard.net gənc şair Vasif Əlihüseynin \"Vətən\" şeirlərini təqdim edir.
ATAMIN AYAQLARI
Evimizin üstündən uçan “vertalıyot”lar
müharibəni xatırladar
ona görə, əllərini
ağızlarına vura – vura qışqırar kənd uşaqları.
əmim incik düşdüyü adamlarla,
“protez” əli ilə görüşər.
Barmağını
müharibədə itirmiş atalardan
yarımçıq saymağı öyrənər uşaqları.
Atamın “protez” ayağı
ən sevimli oyuncağım olub
nə olduğunu bilməyənə qədər.
O, vaxtdan anamın səsi qalıb qulağımda:
- Ay oğul, atanın ayaqlarını gətir, işə getsin!
SƏNİN DUALARIN
Əsgər oğluyla
eyni saatda oyanar
kəndimizdə anam.
Cəbhədəki atışma səsləridi
ürəyindəki çırpıntılar.
Səngərlər insan boyunda qazılmış
alın yazısıdı
kimi ölümə gedər,
kimi evinə.
Anaların namaz üstə olduğu
bir vaxta
yayınar güllələr.
Sənin duaların
düşməni cavab atəşiylə
susdurmaqdı, ana!
YOX, BELƏ OLMAZ VƏTƏN
Cavan – cavan balalar,
səsin küyündə gəlir.
Gedəndə sağlam gedir,
geri çiyində gəlir.
Bilirəm anamızsan,
bacımızsan, ay vətən!
Bir tərəfi qırılmış,
acımızsan, ay vətən!
Yox, belə olmaz vətən,
lap düzlərin dağ olsun.
Nə qədər, balan öləcək?!
nə qədər, başın sağ olsun?!
ŞUŞA
Şuşanın il dönümü...
8 may 1993-cü il.
Gileyli görünür
qaçqın şəhərciyi.
Gözləri dolub
“Mən Qarabağlıyam”
deyən uşağın.
Və bir qatar vaqonunda
məskunlaşmış qaçqın ailəsi
soruşur gələnlərdən;
-Qatar nə vaxt yola düşəcək, Şuşaya?
Baxça uşağı
Ağlama, oğul,
bu ildə baxçaya
gedə bilməyəcəksən.
Şeir öyrətməyəcək sənə
qonşudakı müəllimə.
Bu ildə boynunu bükəcəksən,
qapı ağzındakı oturacaqda.
Yenə dondurma satan
bir oğlanın
“dondurma var” sözləri
donduracaq səni yerində.
Burnunu qoluna siləcəksən,
Qaçacaqsan velosiped sürən
uşaqların arxasınca.
Yenə boynunu bükəcəksən
baxça qapısında,
maşın- maşın gələn ailələri,
ayağını “don” vurmuş
tay-tuşlarını görəcəksən.
Qaçacaqsan qucağıma,
Ata, -onlar hardan gəlir?
-Onlar, vətəndən-vətənə gəlirlər, oğlum!
ŞƏHİDLƏR ÜÇÜN
Bu yazı hardan yazılıb,
bu acı yüz dərd bitirir.
Oğlunu itirmiş anam,
məzara köynək gətirir.
Qoy başını bu şəkilə,
bu şəkilin üzündən öp.
Bu şəkilin biri azdı,
bu şəkilin yüzündən öp.
Öldü qurtardı adamlar,
bəy idi, gəlindi Allah.
Bu qədər canından keçən
bəs sənin nəyindi Allah?
ATAMIN AYAQLARI
Evimizin üstündən uçan “vertalıyot”lar
müharibəni xatırladar
ona görə, əllərini
ağızlarına vura – vura qışqırar kənd uşaqları.
əmim incik düşdüyü adamlarla,
“protez” əli ilə görüşər.
Barmağını
müharibədə itirmiş atalardan
yarımçıq saymağı öyrənər uşaqları.
Atamın “protez” ayağı
ən sevimli oyuncağım olub
nə olduğunu bilməyənə qədər.
O, vaxtdan anamın səsi qalıb qulağımda:
- Ay oğul, atanın ayaqlarını gətir, işə getsin!
SƏNİN DUALARIN
Əsgər oğluyla
eyni saatda oyanar
kəndimizdə anam.
Cəbhədəki atışma səsləridi
ürəyindəki çırpıntılar.
Səngərlər insan boyunda qazılmış
alın yazısıdı
kimi ölümə gedər,
kimi evinə.
Anaların namaz üstə olduğu
bir vaxta
yayınar güllələr.
Sənin duaların
düşməni cavab atəşiylə
susdurmaqdı, ana!
YOX, BELƏ OLMAZ VƏTƏN
Cavan – cavan balalar,
səsin küyündə gəlir.
Gedəndə sağlam gedir,
geri çiyində gəlir.
Bilirəm anamızsan,
bacımızsan, ay vətən!
Bir tərəfi qırılmış,
acımızsan, ay vətən!
Yox, belə olmaz vətən,
lap düzlərin dağ olsun.
Nə qədər, balan öləcək?!
nə qədər, başın sağ olsun?!
ŞUŞA
Şuşanın il dönümü...
8 may 1993-cü il.
Gileyli görünür
qaçqın şəhərciyi.
Gözləri dolub
“Mən Qarabağlıyam”
deyən uşağın.
Və bir qatar vaqonunda
məskunlaşmış qaçqın ailəsi
soruşur gələnlərdən;
-Qatar nə vaxt yola düşəcək, Şuşaya?
Baxça uşağı
Ağlama, oğul,
bu ildə baxçaya
gedə bilməyəcəksən.
Şeir öyrətməyəcək sənə
qonşudakı müəllimə.
Bu ildə boynunu bükəcəksən,
qapı ağzındakı oturacaqda.
Yenə dondurma satan
bir oğlanın
“dondurma var” sözləri
donduracaq səni yerində.
Burnunu qoluna siləcəksən,
Qaçacaqsan velosiped sürən
uşaqların arxasınca.
Yenə boynunu bükəcəksən
baxça qapısında,
maşın- maşın gələn ailələri,
ayağını “don” vurmuş
tay-tuşlarını görəcəksən.
Qaçacaqsan qucağıma,
Ata, -onlar hardan gəlir?
-Onlar, vətəndən-vətənə gəlirlər, oğlum!
ŞƏHİDLƏR ÜÇÜN
Bu yazı hardan yazılıb,
bu acı yüz dərd bitirir.
Oğlunu itirmiş anam,
məzara köynək gətirir.
Qoy başını bu şəkilə,
bu şəkilin üzündən öp.
Bu şəkilin biri azdı,
bu şəkilin yüzündən öp.
Öldü qurtardı adamlar,
bəy idi, gəlindi Allah.
Bu qədər canından keçən
bəs sənin nəyindi Allah?