Səməd Qaraçöp - Elə bil dünyada nəsə çatışmır
08/01/2015
GÖRÜŞ YERİ
Dünya – görüş yerimiz...
Əli Kərim
Gözümü yollardan yığa bilmirəm,
Səfil kirpiklərim yenə tutuşmur.
Elə bil dünyaya kimsə gəlməyib,
Elə bil dünyada nəsə çatışmır.
Özümü yollardan yığa bilmirəm,
Kimin izinisə izim axtarır;
Ürəyim darıxır nədən ötrüsə,
Həmişə kimisə gözüm axtarır.
Bəlkə dünya elə görüş yeridi,
Bəlkə mən dünyada
görüşmək üçün
Kimnənsə sözləşib gəlmişəm elə;
Bəlkə gözlədiyim heç gəlməyəcək,
Dünyaya aldanıb gəlmişəm elə?!
...Boylana-boylana qalmışam elə...
15.05.1986