Avanqard

Şəhriyyə Qəzənfərqızı - Dilənən qadınlar

08/10/2014

“Dilənmək” mövzusu mənim yazılarım arasında baş köşədədi. Bəlkə, ən çox müşahidə etdiyim bir mövzudu. Bunu, xalqımın zəif bir nöqtəsi kimi görürəm. Dilənçilərin həyatı məni çox maraqlandırır. Onları da iki təbəqəyə bölmək olar. Qaraçılar-hansı ki, bu onların əcdadlarından gələn peşəsidi.  Və “ yerli dilənçilər”. İnsanı daha çox utandıranlar bax bu “yerli\" dilənçilərdi. Onlarla yol yoldaşı olmaq, yəqin ki, hamıya qismət olmur. Qucağında uşaqla, əllərində şəkillə gəzənlər. Yəni, hər cür dilənçi ilə qarşılaşmaq olar.

Körpələrin dilənməyi bir başqa mövzudu. İndi qadınların dilənərək  alçalmağından danışıram. Son bir neçə aydır qarşıma çıxan dilənçilər gənc və sağlam qadınlardı. SAĞLAM sözun xüsusi vurğuyla demək istəyirəm. İnsan sağlam olub da dilənərmi? Nədir bunları bu işə vadar edən?

Daha bir mövzu-dilənən qadınların 90 %-i hicablıdı. Bunlar, həqiqətənmi, dinə bağlı insanlardılar? Yoxsa bu onların yeni imicidi? Hicab insanda, yəni, hansısa mərhəmət hissi oyatmağa qadirdirmi? Hicablı olarkən daha çox pul qazanmaq olurmu? Yoxsa bu yolla özlərini soyuqdanmı qoruyurlar? Dində dilənmək nə dərəcədə günah sayılır? Yoxsa bu qadınlar bu yolla öz namuslarınımı qorumağa çalışırlar? Bu “yoxsalar” o qədər çoxdur ki, saymaqla bitməz.

“Dilənmək” peşəsi pulla bağlı olsa da, çox ağır bir işdi. Hər zaman təhqir olunmağı gözə alırsan.

Düşünürəm ki, hicab heç bir mərhəmət hissi oyada bilməz. Mən o cür insanlara kömək etmək istəmirəm. Daha da riyakar, yalançı görünürlər insana. Hansısa fiziki qüsuru olmayan birinə niyə kömək edəsən ki? Dinin kölgəsində gizlənib çirkinliklə məşğul olan insanlar sırasına bu dilənçilər də daxildi. Günahsız körpələri alət etdilər, indi də dini peşələrinə alət edirlərmi? Buna görə də hicaba artıq hörmət qalmayıb.


Avanqard.net

Digər Məqalələr