Avanqard

Raqif Raufoğlu - Yox e, həyat deyil axı bu...

22/10/2013
















Yox e, həyat deyil axı bu,
Yuxunun şirin vaxtına qalxıb
Günəşdən həyat istəmək.
Həyatın acı vaxtında
Arxanı aya çevirib yatmaq.
Oturmaq, durmaq,
Yemək, içmək.
Bir dəfə oğul
İki dəfə ata olmaq.
On dəfə prezident seçmək.
Gəlməyəcək adamı hər gün gözləyib,
Gələn adamdan qaçmaq.
Özün üçün darıxmaq.
Həmişə eyni olan şəkillərini
düzüb baxmaq
Və aranızda
Bir eynilik axtarmaq...
Yox e, həyat deyil axı bu,
Adamlar da dünyaya eyni gəlmir
biri kilo yarım olur
biri beş kilo
bir sarı olur biri qara
və bütün bunlara
böyüklərin eyni cavabı:
“Bilirsiz, bu həyat ki, var haaa…”
Həyata bir bax.
Özü də ki,
Bizim öz tarixmiz var əziz Allah,
Çəkil kənara...
Yox e, həyat deyil axı bu,
Hamının cavab axtardığı üç sual:
Niyə, necə, hara?
Hər şey sizin öz əlinizdə.
Bəlkə, birdən, görəsən…
Və bütün müəmmaların cavabı
Bir sözdə:
Böyüyərsən, bilərsən…

28.07.2013

Avanqard.net

Digər Məqalələr