Avanqard

Raqif Raufoğlu - Azadlığa qadınlar can atar

23/01/2013
















Yox cənab hakim!
Mənə azadlıq verməyə haqqın yoxdur.
Azadlığa qadınlar can atar.
Kişilər onsuz da azad doğular.
Qərarını ver,
Gedim cəzamı çəkim.
Bəli cənab hakim!
İnan mənə
Hamı sənin qərarından danışacaq.
Hər şey yaxşı olacaq...
Məni nədə ittiham edirsən?
Sərxoşluqda?
Mən onsuz da sərxoş ola bilmirəm.
İçən kimi ayılıram.
Ya ağlamaqdan,
Ya da gülməkdən.
Yoruldum deməkdən.
Ancaq sənə çatır ərkim.
Yox cənab hakim!
Bu yalvarış deyil,
Bu müraciətdir.
Deyirsən azadlıq böyük nemətdir?
Nə verəcək mənə
Sənin azadlığın
Sevgililərin bir-birini
Qucaqlaya bilmədiyi ölkədə?
Xəbərin yoxdur bəlkə də
Azadlıq keçəndə,
Yolları bağlayırlar.
Parkları tək-tək gəzənlərə,
Otları əcnəbilərə saxlayırlar.
Sənin hökm verdiyin şəhərdə
Bir-birinə baxıb
Gülümsəyə bilməz heç kim
Bəli cənab Hakim!
Daha məni qınama.
Bacara bilsən,
Bir günlük azadlıq götür
Gəl mənim dəlixanama.
Bütün qurbanlarına
Göz yaşı töküm
İmza:
Baş həkim.

Digər Məqalələr