Avanqard

Ramil Əhməd - Ağladığını görürəm

22/11/2012










Ağladığını görürəm

İşdən çıxmışam,
evə gəlirəm.
Yağış yağır,
küçələrdən ayaq izlərimizi götürüb
harasa qaçır...
Gözlərin açıqdır –
yağış yağır...
Çətirsizəm,
islanıram...

Yağış yağır, yağış yağır
ara vermədən.
Yağış səni xatırladır...
Bir ağacın gövdəsinə sığınıb,
telefonumda  “N” hərfiylə başlayan adları axtarıram,
sənə zəng edirəm.
Gizlətmə, onsuz da ağladığını görürəm...

Yer üzünə
yağış yağır gözlərindən,
Yer üzünə!
Bəs, niyə sərçələr yuvasına uçmur?
Maşınların şüşəsilənləri hərəkətsiz,
qadınlar götürmədikləri çətirlərini açmır...
Bu nə sirdi?! –
məndən başqa heç kim islanmır,
heç kim yağışdan qaçmır!

İşdən çıxmışam,
evə gəlirəm.
Yağış yağır gözlərindən...
İslanıram...
Yum gözlərini –
çətirim olsun,
heç olmasa mən yuvama çatana qədər.



Sevgidən bir addım uzaq...


Ayaqqabını təmiz saxla,
həyat ayağa baxandır.
Bir qadın bətnində qadağan nişanı –
“Dünyaya başqa cür giriş qadağandır!”

Hamının alnında bir gülləlik yer,
hər kəsin ürəyində izdiham.
Ayrılığa bir addım yaxınıq,
sevgidən bir addım uzaq...

Baxışın hardasa ilişib qalıb,
gözlərin özünə yaxındı.
Baxışın dünyadan uzaq...
Səni fikirdən oyadır,
əlindən bərk-bərk tutduğun oyuncaq...


Avanqard.net

Digər Məqalələr