Avanqard

Oğuz Ayvaz - Unutmaq bütün sevdiklərini...

01/12/2015

Anti-kədər

bu gün dərdlərə
ara vemək lazımdı,
gəzmək dəniz sahillərini,
qulaq asmaq suyun
daşlara dəyən səsinə,
baxmaq dənizin üzərində
uçuşan qağayılara
unutmaq bütün sevdiklərini...
bu gün dərdlərə ara vemək lazımdı.

bu gün hər şey istədiyin kimi olmalıdı,
gəmilər kədərləri uzaqlara aparmalıdı,
kədərlər duman şəklində çıxmaldı borulardan
sonra kiçik qayıqlar sevinc gətirməlidi,
sevgilər limana çıxmalıdı səssizcə...
bu gün hər şey istədiyin kimi olmalıdı.




Yazıla bilməyən şeir

küçələr adamsızdı,
külək səkilə sevişir,
bu gün adamlar yoxa çıxıb
qəssab dükanın yanında
erkək buğa miskin baxışları ilə
öləcəyi saatı gözləyir,
arxasında küçə pişiyi
ət axtarışında,
buğanın adı birazdan ət olacaq,
bu mənzərəyə hansısa filmdə baxmışdım:
orda pişiyə buğanın əti çatmırdı.
buğanın gözlərində isə
saysız-hesabsız ulduzlar axışır,
göy üzünə qaranlıq ilxı tək sürünür,
qəssabın əlindəki bıçağın
parıltısı buğanın gözlərindən
daha zəif, daha sönük.
küçə rəssamı bu mənzərəni
çəkə bilməyəcək qədər
aciz, miskin...
mən isə bu şeiri
yaza bilməyəcək,
narkozdakı kimi onların
hərəkətlərini izləyəcək...


Həyat


qaranlıq çökəcək evlərin üstünə,
yağış damcıları düşəcək yollara,
top oynayacaq uşaqlar
çığıra-bağıra,
bir quş çiçək gətirəcək dimdiyində
pəncərəm önünə buraxacaq
və yox olacaq qaranlıqda.

Digər Məqalələr