Nuranə Nur: \"Cəmiyyətimizdə şeirə, şairə münasibət qeyri-ciddidir\" - LAYİHƏ
25/01/2014
Qeyd edək ki, müsahiblər BSU Yaradıcılıq fakülitəsinin tələbələri arasından seçilib təqdim edilir.
Məqsədimiz tanımaq və tanıtmaqdır. Özünüzü təqdim edin?
Nuranə Nur – Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Gənc Ədiblər Məktəbinin məzunu, Prezident təqaüdçüsüyəm. Həmçinin, BSU-Yaradıcılıq fakülitəsinin 2-ci kurs tələbəsiyəm. Mütamadi olaraq dövrü mətbuatda, ədəbi jurnal və internet portallarda çap olunuram. Bundan başqa Vaşınqtonda, Tehranda, Kərkükdə, Türkiyədə jurnal və almanaxlarda çap olunmuşam. Şeirlərim bir neçə dilə tərcümə olunub. “Yanaqda yağış yeri” “Yoxluğuna və sağlığına” adlı şeir kitablarının müəllifiyəm. Bir neçə mahnının da söz yazarıyam. Yeni publisistik məqalələr üzərində çalışıram. Ailəliyəm, iki övladım var.
BSU Yaradıcılıq fakülitəsinə gəlmək istəyi necə yarandı?
BSU Yaradıcılıq fakültəsi haqqında çox eşitmişdim. Bilirdim ki, burda çox tanınmış və istedadlı yazarlar dərs deyir. Bir dəfə mənə Günel Şamilqızı (BSU Yaradıcılıq fakülitəsinin məzunu) dedi ki, Universitetə gəl, yeni dekanımız çox mehriban bir xanımdır, gəl fakülitə ilə də tanış ol. Elnarə xanımı deyirdi. Və bir gün Qəşəm Nəcəfzadə Yazıçılar Birliyində dedi ki, Bakı Slavyan Universitetendə Yaradıcılıq fakülitəsinin tələbələri ilə görüşüm var. Dedim mən də getmək istəyirəm. Fərid Hüseyn həmin görüşə məni də dəvət elədi. Tədbir sonrası Elnarə xanımla görüşüb fakültəyə yazılmaq istəyimi bildirdim. Elə həmin gündən mütamadi olaraq fakültəyə gedib gəldim və yaradıcılıq nümunələrimi təqdim edərək fakülitənin tələbəsi oldum.
Bu iki ildə BSU Yaradıcılıq fakülitəsi sizə nə verdi və sizdən ədəbiyyat, yaradıcılıq adına nə ala bildi?
Bilirsiz, bu həyatın qanunudur. Başımıza gələn hər şey həm bizə nəsə verən, həm də bizdən nəsə alandır. Və yaxud kimsə nəyisə itirməlidir ki, biz onu tapaq. Mən burda dinləməyi, mütaliəni, fəlsəfi düşünməyi öyrəndim. Amma yaradıcılığım gerilədi. Bəlkə, bu geriləmə, yeni bir başlanğıca şansdır. Çünki lazımı bazanı əldə eləmək üçün, yazmaqdan çox oxumaq lazımdır. Bir müddət tövsiyyə olunan ədəbiyyatı oxumağı vacib bilirəm.
Bildiyimiz kimi bu il “Bir günlük xəlifə
günündə” fakülitəmizi ilk olaraq təmsil edib bir günlük dekan vəzifəsində oldunuz.
Təsuratlarınız?
Hə, bundan heç demə-demə... (gülür.)
Yoldaşım deyir bu ərəb xəlifələrindən çox çəkmişdik, elə indi də az çəkmirik... Xəlifə iclasları, kölgə kabineti, rektoratlıq, növbətçılik və s... Bu birgünlük oyun idi, amma sonra fərqində oldum ki, çox ciddi oyundur. Həmin gün Universitetdə bir günlük bütün idarəetmə tələbələrin əlində idi və bunun “kölgəsi” hələ bir il davam edəcək. Bundan kölgə kabineti yaradıldı və işimizi orda davam etdiririk. Elə bilirdim Universitetə bir günlük “fiqur” lazimdı, sən demə bu iş əməlli başlı “iş” imiş. Fakülitəmizdən birinin, kim olursa olsun bu vəzifəyə seçilməsinə razı idim. Yetər ki, başqa fakültələrdən olmasın. Əsas qayə bu idi, bunun uğrunda qoşulmuşdum mübarizəyə. Dörd namizəd arasından, üçüncü mərhələdən keçərək seçilmişdim. Fakültəmizin həyatında ilkə imza atdığımıza görə, bunu uğurlu hesab edirəm. Sonra Yaradıcılıq fakülitəsinin 1-ci və 2-ci kursunda təhsil alan uğurlu gənclərin yaradıcılığından qısa prezentasiya keçirdik və univerisitetin digər tələbələri ilə tanışlıq xarakterli görüş təşkil etdik.
Bəs bir günlük Kamal Abdulla olsaydınız univerisitetdə yaradıcı gənclər üçün hansı qapıları açardınız?
O gün Xaçmaz televiziyasına (RTV) gedəndə mənə dediniz ki , qayidandan sonra sizdən müsahibə götürəcəm. Mən də dedim ki, buyurun, yoldayıq, istəyirsiniz suallarınızı verin. Dediniz yox, suallar hazır deyil amma bir sual düşünürəm. Kamal Abdulla olsaydınız neyləyərdiniz? Özü də bir günlük demədiniz, çünki sual öncədən qurulmamış şəkildə verildi. Mən də dedim ki, Kamal Abdulla olsaydım indi Xaçmaza avtobusda niyə gedirdim? (gülür.)
Deməli, əgər bir günlük Kamal Abdulla olsaydım, Yaradıcılıq fakültəsindəki bəzi istedadlı uşaqları təhsil ödənişindən azad edərdim.
Nuranə xanım üçün bağlı qapı anlayışı var?
Allaha şükür ki yoxdur. Amma hər açıq qapıdan da girmək xeyir gətirməz. Həmişə arzulayıram ki, üzümə açıq olan qapıların kilidinin yerini bilim.
Ədəbi dərnəklərə münasibətiniz?
Ədəbi dərnəklər yazıçıya bir o dərəcədə deyə bilmərəm, amma şairə çox şey verir. Dərnəklər şairə həyatdan gələn enerjini ötürür. Ünsiyyətdən, şeirin havasından, səsindən, nəfəsindən çox təsirlənmək olur. Əlbəttə ki, təsirlənmək heç də həmişə yaxşı hal deyil. Amma hər halda özünü ifadə mərhələsində bu təsir çox kömək edir. Özünü dərk mərhələsində şair özünü tapır, şeirlər haqqında fikirlər söyləyir. Özünü təsdiq mərhələsinə qədəm qoyanda artiq şair rahatca istənilən ədəbi diskusiyalarda iştirak edə bilir. Və bunların formalaşması məhz dərnəklərdə baş verir. Mən “ Pərvanə “ Ədəbi Məclisinin yetirməsiyəm. Bu məclisdə artıq ədəbiyyatda özünü təsdiq etmiş çox yazarlar yetişib. Poetik düşüncəmin formalaşmasında, şair - ustadım, fakültəmizin də sevimli müəllimi Qəşəm Nəcəfzadəyə minnətdaram.
İlk qələm sınağınızı necə xatırlayırsız?
İlk qələm sınağım qələmlə tanışlığımdan əvvəldir.Yəni hələ yazı yaza bilmirdim. Ağaca çatmayan əlimə şeir yazmışdım. Gizlətdiyim şeirlər də çox, lap çox olub. Utanıram oxuyanda, zəif olduğu üçün... “Amma yazıya pozu yoxdur” Mən onları yazmışamsa demək, pis-yaxşı həyat vermişəm.
Sevgi mövzularına çox müraciət edirsiz. Sevgi necə, sizi sevir?
Əlbəttə. Sevgi məni sevməsə, ona şeir yazaram? (gülür.)
Çox şükür, həyatım sevgi ilə əhatəlidir. Ailəm, övladlarım,
dostlarım.Heç kimdən inciməmişəm, yəqin heç kimi də incitməmişəm. Sevgi mövzusu
isə, insan var olduqca yaşayacaq. Sevgiyə münasibət nə qədər dəyişir desək də,
yenə bütün zamanlarda eynidir. Məncə, mənim şeirlərimin cizgiləri zərifdir. Bax
o cizgilərdə tapmaq olar məni. Elə mən də o cizgilərdə tapıram bəşəri sevgini. Şeir
yazanda müşahidə etdiyim insanların həyatına bürünürəm.
Leylini əsrlərdir yaşadan, Mariyanı faişə edən sevgi Nuranə xanıma nə deyir?
Sevgi insana \"heç vaxt, heç vaxt demə\" fəlsəfəsini dərk elətdirir. Başına gələcək bütün hadisələrə yol açır. Çox amansız və zamansız haldır. İnsanı içinə baş vurmağa vadar edir, kamilləşdirir. Ondan əvvəli və ondan sonranı təsəvvür eləmək insanı qorxudur. Onsuz həyat yoxdu axı... Bütün bunlar kifayət etmirmi, onun qarşısında susaq?
Sevgi yazan qələmi əlinizdən alan olsaydı, və ya təsəvvür edin ki, sevgi qəhrəmanınız yoxdur?
Yenə deyirəm sevgi qəhrəmanım, subyekt yox – sevənlərin həyatıdır, müşahidələrdir. Mənim qələmimi əlimdən alan kəs, həyatı uduzacaq. Cismani olaraq olmasa da, ruhən məni itirəcək. Düzdü mən təkcə qələmimdən ibarət deyiləm, amma onsuz ruhsuz ruham.
Bir az şeirdə güzgüdən danışın. Əks tərəf nəyi anlamır?
Ümumiyyətlə güzgü anlayışı mənim üçün o qədər maraqlıdır ki, ondan necə danışım bilmirəm. Adi halda güzgü yalnız əksimizi göstərir. Halbuki güzgü qəbul elədiyi informasiyanın bir qismini saxlayır, və sonralar özümüzə qaytarır. Min illər boyunca sehrbazlar, öncəgörənlər, güzgüdən enerji axını üçün xüsusi kanal kimi istifadə ediblər. Bilirəm güzgüdən danış deyəndə güzgü haqqında danış demirdin.
Amma həqiqətən bu məfhum mənə o qədər sirli gəlir ki, hökmən bu təsəvvürlərim yaranır. Bəzən güzgü əvəzinə insanın gözlərinə də baxmaq olar. Demək əks tərəf bunu əks etdirə bilirsə, şeirə ehtiyac yoxdur...Ya da çox gözəl bir şeirə ehtyac var ...
O gözəl şeirə elə indi ehtiyyac var desəm?
Eynisən sən də, eyni.
Əslində başqasan.
Bambaşqa
eynilik var səndə.
Görünmədiyin aynalarda,
Olmadığın yerlərdə,
Çəkdirmədiyin şəkillərdə
Bambaşqasan.
Mənim görmədiyim heç nə
sənə yaraşmır.
Səni
görəndə hiss etdiyimin adı,
Bəlkə elə sənin adındır.
Neçə eyni “sən”,
Bir başqa “sən” edirsən
Onu yalniz mən bilirəm.
Yoxluğun necə də, çoxaldır
səni.
RTV-də qonaq olanda bildirdiniz ki, şeirə olan bu günki münasibətdən razı deyilsiniz. Səbəbini region tamaşaçıları bildi, oxucular necə?
Bəli elədir. Cəmiyyətimizdə şeirə, şairə münasibət qeyri-ciddidir. İroniya dolu baxışlar, atmacalar, qəsdən adama məclisdəki süfrə başında sifarişlə, \"bu məclisə bir şeir qoş\" demələr və s... Bu kimi münasibətlər zarafat deyil, ironiyadır. Məsələn mənə deyirlər ki, gül kimi sənətini qoyub, niyə şeir yazırsan, kim oxuyacaq kitablarını? Nədənsə insanlara elə gəlir ki, B.Vahabzadə, N.Kəsəmənlidən sonra şair yoxdur. Heç R.Rövşəni də hamı tanımır . Sonra da deyirlər şair xalqıq. Şair yox, şeir yazan xalqıq. Amma yazıçı sözü nisbətən ciddi səslənir. Belə təsurat doğulur ki, yazıçı daha savadlı, daha ziyalı, daha intellektual və daha “ağır başlı” adamdı.
Nuranə xanım tibbi ədəbiyyatla dəyişib,
peşman deyil ki?
Gələcəyi deyə bilmərəm, indiki halımdam məmnunam. Tibbi məntiqim və savadım zəif deyil, sadəcə məsuliyyətdən qorxuram. Bu da insanın halını son dərəcə dərindən duymaqdan irəli gəlir. Bir şeiri zəif yazsam heç nə olmaz, amma bir xəstəni sağalda bilməsəm bu çarəsizlik və nəhayətdə bədbəxtlikdir. Elə həyatı istəmirəm. Çox ağır sənətdir, yaxşı həkimləri dünyanın xilaskarları adlandırardım. Savadsız və adam aldadan həkimləri görəndə hərdən təəssüflənirəm, amma o qədər həssasam ki, xəstələrə kömək edə bilməsəydim, özüm xəstə olacaqdım. Allah heç kimi xəstə eləməsin, qoy elə hamı şeir oxusun.
Ədəbiyyat şəxsi həyatınıza müdaxilə edəndə nə edirsiz?
İstər istəməz ədəbiyyat yazarın həyatına müdaxilə edir. Tarix boyu hadisələrin bir qismi həyata ədəbiyatdan daşınıb. Nə qədər razılaşmasaq da, uzaq olmağa çalışsaq da, həyatdan kənar ədəbiyyat, ədəbiyyatdan kənar həyat yoxdur. Ədəbiyyatı həyatımdan çıxarmaq üçün gərək, içımdən çıxarım. Yazarın borcu təkcə yaxşı yazmaq yox, həm də həqiqəti yazmaqdır. Mən həqiqəti içimdən çıxarsam, onda ədəbiyyatı həyatıma müdaxilə eləməyinin qarşısını ala bilərəm.Yaradıcılığıma bağlı adamam, amma hər şeyi ona qurban vermərəm. Hər şey insana xidmət eləməlidir.
Müəllif kitablarına övladım deyir, bəs övladlar müəllifə nə deyir?
Yaradıcılıqda da iki övladım var, Allah mənə qəhrəman ana olmağı qismət eləsin. Ədəbi övladlarım üzümə ağ olmasınlar, bu mənə yetər. Onlara ögey və laqeyd münasibət etməsəm, onlara mənasız həyat verməsəm, yəqin ki, ana deyəcəklər.
Azərbaycan və dünya ədəbiyyatında sevdiyiniz əsərlər və onların müəllifləri barədə nə deyə bilərsiz?
Lap uşaq yaşlarından dünya ədəbiyyatı ilə ilk tanıdığım və çox sevdiyim yazıçı C.Londonla olub. Kiçik yaşlarımda onun \"Həyat eşqi\" hekayəsini oxuyanda hələ həyatı tanımırdım. Həyatın əzabları ilə o hekayədə tanış olmuşdum. Həyat uğrunda əlbəyaxa döyüş canlanmışdı gözümün qabağında. Sonra digər hekayələri də oxudum. C.London mənə dünya ədəbiyyatını sevdirən müəllif oldu. Daha sonra V.Hüqonun “Səfillər” ini, C.Sviftin “Quliverin səyahəti “ , M.Tvenin “Şahzadə və dilənçi” ni, Drayzerin “Kerri bacısı”nı, Çexovun hekayələrini , Andersenin nağıllarını və s, oxudum. Azərbaycan ədəbiyyatına “Azərbaycan nağılları” C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” Əbdülrəhim bəy Haqverdiyevin hekayələrini, Aşıq ədəbiyyatı şeirlərini, M.Müşfiqi və s, oxuyurdum. Dərslərimlə ciddi məşğul olamağım kitab oxumağımı məhdudlaşdırdı. Sonralar Ə.Kərimi və N.Hikməti sevməyə başladım. Daha sonralar mütamadi olaraq internetdə rus və türk saytlarında, o cümlədən öz saytlarımızda yeni nəsil şairləri izləməyə başladım. Ciddi ədəbiyyat nümunələri kimi hesab elədiyim, Dostayevskini, Makiavellini, Bukovskini, Kafkanı, Bulqakovu mütaliə eləmişəm. Hazırda daha çox fəlsəfi, düşündürücü əsərləri oxumaq arzusundayam. Məsələn Z.Freyd və D.Yum məni çox cəlb edir.
Vermədiyim sual hansı idi?
Niyə şeir yazırsınız sualıını gözləyirdim . Çox əhatəli bir cavabım olacaqdı : “Bilmirəm“
Maraqlı cavabdır. Müsahibə üçün təşəkkürlər! Yeni yaradıcılıq arzusu ilə, növbəti şeirlə nöqtə qoyaq?
Əlimi tutduğun gündən tez-tez yıxılıram.
Kirpiklərimlə gülürəm həyata.
Daha baharı gözləmirəm əvvəlki kimi
Bütün mövsümlərdə yaşamağı bacarıram.
Yaxınlaşmaq ən uzaq yolların sonudur bəzən.
İndi səni sevmək-
Öz kölgəsini tutmağa çalışan körpələr kimi
Gerçək bildiyim şeylərə toxuna bilməmək...
Qəlbin atəşində peşmanlıqlar bişirmək...
“Gedirəm,
bu dəfə səni özümlə götürməyəcəyəm,
yanına qayıdım,deyə”
düşünmək...
Söhbətləşdi: Ramilə Qardaşxanqızı
Avanqard.net
Digər Məqalələr
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ