Avanqard

Mahir N. Qarayev - Mən səni qadıntək sevmirdim...

05/03/2015

Artpress.az şair Mahir N. Qarayevin \"At sevgisi\" şeirini təqdim edir.


AT SEVGİSİ


Mən səni ot kimi sevirdim onda,
Sən də vurulmuşdun mənə at kimi;
Qaranlıq otağın şam işığında
Sevişə bilmirdik ər-arvad kimi.

Mən sənə baxırdım yaşıl çəməntək-
Ürəyim axırdı otlamaq üçün;
Əlimiz qalxmadı şamı söndürək,
Qalxdıq sönən şamı odlamaq üçün.

Mən səni qadıntək sevmirdim axı,
Yamyaşıl yamactək tapırdım səni;
Ağzım sulanırdı... at kimi baxıb
Ot kimi gözümə təpirdim səni.

Maşından, uçaqdan bab olmaz bizə,
Qanımız yaramır mühərrik üçün;
Hələ çox cavandıq onda deyəsən-
Sən arvadlıq üçün, mən ərlik üçün.

Atıl min belimə, min atlan bir az-
Səninlə dünyanı hərlənim, dedim.
Sən mənim üstümdə arvadlan bir az,
Mən sənin altında ərlənim, dedim.

…Şamı sönmüş evin girəcəyində
Səni ürkütməsin bu yanıq iyi;
Bir ovuc külümü at pəncərədən,
Unut bir bədənlik o sür-sümüyü…

Mən səni qadıntək sevmirdim onda-
Mən sənə baxırdım gözəllik kimi;
Şam kimi yanmadım, sənin yolunda
Yandırdım özümü üzərrik kimi...

Digər Məqalələr