Avanqard

Könül Həsənqulu - \"Qarabasma\"

17/11/2012









Vincent Van Gogh üçün


Ağır silahlar girir hər gecə yuxuma

Yad dildə danışan əsgərlər

Atəş açırlar çarpayıma

Üstümdən qırıcı təyyarələr uçur tavanda

Hardansa üst mərtəbədən

Cəsədimə dərman səpir helikopterlər

Hayqırtıma çatlayan divarlardan

Nəhəng traktorlar girir dörd tərəfdən

Şumlayırlar meyitimi... Qarışdırırlar məni torpağa


Sonra savaş bitir.... Üstümə sular səpilir

Ağrım kəsir

Torpaq olduğum yerdən buğdalar yetişir

Və qarğalar...

Qarğalar uçuşurlar buğdaların üstündə

Bayraqlar sancılır zəmiyə boz rəngdə

Himn və folk mahnılar səslənir əcnəbi dildə...


Sonra buğdalar biçilir...

Uzaqdan burnuma çörək ətri gəlir

Yuxum bitir...


Avanqard.net

Digər Məqalələr