Kiyan Xiyav - Biz günəşi birlikdə içmişdik
21/05/2014
Gözlərinin yeri boş
Şairlər
Qondarma ulduzlar tökdü
Qaş qaraldı kağızların sökülən dan çağında
Və daş duvarlar ucaldı get-gedə.
Gözlərinin yeri boş
Mən gözlərimi yummuram yaşamın gizlənpaç oyunlarında
Səni itirsəm tapmaram
Qorxuram.
Hardasan, haralardasan?
Kəsin daş duvarlara baxmaqdan yorulubsan!
Gözlərimin kasasında
Bu qaranlıq misralardan küsük düşən
Sənin dərin düşünən bəbəklərindən bildim bunu.
Sağın daş duvarlar səni sarsıtmasın
Dəyişik salma gözlərin boyasını
Mən Kiyanam
Biz günəşi birlikdə içmişdik
Tanıdınmı?
Sənə sarı uzanan yollara zilləndiyimdə
Topal qalmış kipriklərimə baxma
Mən şairlərin ən ala gözlüsüyəm
ən geniş dünya görüşlü
Gözlərimdə sənin bəbəklərindirsə.
Lirikalarıma baxma
“bir gözələ vurulmuşam” oxuduğumda
O sənsən.
Yaxasında zəncir halqası düyməsi
Şirin- şirin gülməsi var o gözəlin.
Bir gözələ vurulmuşam
Gülüşləri barmaqlarımın ucunu danışdırır
Yaxa düymələri sözcüklərimi.
O, sənsən
Bu, daş duvarların qorxunc qaraltısı
Bu da...
Bu, kim?
Mən yoxam artıq gözəlim
Bir köksün bir ürəyi vardı öncələr
Sal qayalara çırpılan kimsəsiz bir dalqa kimi
Daş duvarlara çırpıldı yazıqca görə bilsən!
Gözlərinin yeri boş
Şairlər
Şeirlə insan ilgisini dandı sonunda.
Nazım olacaqlarını düşləyərək yaşayanlar
Batılılaşdı.
Şirin- şirin gülüşümüzü gördülər şairlər
Unutdular yaxamızın düyməsinin nədən düzəldiyini.
Saçlarımız haçandan ağarmışdı
Kimlər ağartmışdı onu
Bilmədilər.
Dərin düşdükcə gizləndi yaralarımız
Dərdimizi kimsəyə ağartmadıq
Gözlərimizin boyası dəyişik düşdü
Kimsə daha hankısa bir gözələ vurulmadı
Oxunmadı, dinlənmədi
“günəşi içənlərin türküsü!”
Günəş özünü itirdi göy üzündə
Və gecələr
O şeirə qənim kəsilmiş gecələr
Ulduzların gözlərindən süyrüşüb suvaşdı daş duvarlara.
Daş duvarların dalında
Gözdən düşdüyümüz kimi
əldən də düşüb sınarıq gözəlim
ən böyük faciə olar otobiyoqrafimiz
mən səni sevərəm ancaq
başqalarısa şair adlanarlar.
ənayın bir oyunmuş gizlənpaç yaşam
bir daş duvarın o tay- bu tayında
dönəbaşı
sən gözlərini yumursan
və mən səni tapıram!...
Gözlərinin yeri bo... bo... boş olmasın!