Kənan Hacı - Uzunömürlü kədər
25/01/2014
Uzunömürlü kədərin
sonbeşiyidi
bu ərköyün sükut,
səhərəcən əllərimin
kölgəsində gizlənir,
əllərim boşluğu ovuclayarkən...
uzunömürlü kədərin
yetimləridi bütün tənhalar,
qocalar evinin
kalorisiz yeməkləri kimidi
daddıqları sevinc,
burda suvağı tökülmüş divar kimidi
xoşbəxtlik –
keçmiş zamanın nimdaş forması...
suya qoyulmuş
protez dişlər kimi
irişir üzümə ölən arzular,
minaya düşmüş ayağın yerini
nöqtələrlə dolduran
çəlik kimi
uzanır taleyin yazısı...
uzunömürlü kədərin
qoca süpürgəçisi
çox belə nöqtələr süpürüb
puç olmuş ömürlərdən...
suvağı qopmuş divar kimidi
əllərimin kölgəsi,
haçansa üstümə aşacaq...
25 yanvar 2014
Avanqrad.net