Kənan Hacı - Həkim deyir: - içmək olmaz!
16/11/2012
Uzun bir yolçuluğa çıxmışam,
yayları qopuq bir avtobus dayanacağında
yırğalana-yırğalana,
məsud günləri anıram,
içim çölümə axır, içim, çölüm pərişan...
Həkim deyir:- içmək olmaz!
içməsəm, olmaz, olmaz..
Yenə yumşaq səsin qıdıqladı qulağımı,
şeytan apardı ağlımı,
yox, şeytana böhtan atdım,
şeytanlıq bir iş yoxmuş,
anam məni belə doğmuş...
sənə mesaj yollamaq
aynasız bir evdə gəzmək kimidir,
susuz bir hovuzda üzmək kimidir,
varlığını bilə-bilə, yoxluğunda yaşamaq...
sənə qovuşmağın cəzası ağır,
sənə qovuşmağın bədəlini
başqa bir ayrılıqla ödəməm lazım...
Mənsə bunu istəmirəm.
Sənə uzanan yollar xəyanət qoxuyur, canım...
ovunmaqdan ötrü şərab içirəm;
alovu içimi qarsır, canım...
ürəyimə damıb- bu sevgidən sağ çıxmağa ümid yox...
Həkim deyir:- içmək olmaz!
İçməsəm, olmaz!..
Olmaz!!!
Bunu tək sən bilirsən, canım...
Avanqard.net