Avanqard

Kənan Hacı- Boşalmış ətir şüşəsi

02/05/2014

Bu sevgi səndə yaşadı,
məndə qocaldı,
bu külək səndə başladı,
məndə səngidi...
mən dizəcən sükuta batmış
yorğun yolçuyam,
bütün səslər bərkiyib,
daşa dönüb qulağımda,
səssiz film kimi
seyr edirəm həyatı,
üstümə səpdiyim ətir kimi
çəkilib gedirsən,
boşalmış ətir şüşəsi kimidi
indi bu sevgi,
sındırıb damarlarımı doğramağa
yarıyır ancaq...

 

Ağacların sıxlığında
təkliyimdən utanırdım,
əkdiyim ağaclar
qurudu getdi,
əkdiyim adamın suyunu kəsdim,
özümü günaha batırdım...
indi getməyə bir yerim yox,
içində azdığım dalandı ömür,
geriyə baxıram, heç nə qalmayıb,
dünyada ən böyük yalandı ömür...
 

Arzuya yürüyən yollarda
məsafələr azalmadı, azalmadı...
daha izim qumla doldu,
heç kəs məni axtarmasın,
tapmayacaq,
“göylə gedən” vaxtım vardı,
göyü yerə bağışladım,
bütün vəfasız dostları
bağışladım,
barışdım həyatla, barışdım...
 

Öz çiynimdə köçümü
daşıdım, bitdi hər şey,
sevincim dünya malıdı,
onu dosta bağışladım,
qəmi özümə saxladım,
barışdım həyatla, barışdım...
 

Sapsarı yarpaqlar gətirir bu yaz,
sözün bitdiyi yerdə
şeir yazılmaz,
Sözüm, məni halal elə!...
 

***

Gəmi kimi batmaqdayam bu həyat dənizində,
batan gəmini ağlamazlar,
mən suda yox,
quruda çürüyüb getdim,
hamıya yük olan canı
arxamca sürüyüb getdim,
səni də buraxdım şeir adlı qəfəsdən,
get, ağlama,
sinəni aç,
Günəş məlhəm çəksin
ağrılarına,
mən sənin ağrına məlhəm olmadım,
sən mənim ən dözülməz ağrım oldun,
sular da canımdan çıxara bilməz
bu ağrını,
gəmi kimi batmaqdayam bu həyat dənizində,
mənimki bura qədərdi,
az boylan qərib üfüqə,
get, ağlama,
günahkara ağlamazlar...

/1937.az/

Digər Məqalələr