Avanqard

Jalə - Qızına adımı qoyma - Şeirlər

01/11/2012












*qızına adımı qoymamən adda xanımlarınbəxti gətirmir…

*
çalxalanırsan hələ də
durulanda xəbər elə
bir qab da bəlkə mən içdim….

*
könlüm daha saray deyil
xarabada yaşamazsan…

*
niye gəldin?
gözləməmişdim…
niyə getdin?
“get” deməmişdim…

*
bədbin kişilər,
nikbin qadınlar ölkəsində
yaşamaq
bir başqa əzab
melanxolik qadın üçün…

*
bilirsən niyə çox danışıram?
dayanan kimi darıxıram…

*
üç qarımışın söhbəti

- bəxtim olsaydı, bir oğlan doğammazdım?!
- bəxtim olsaydı, elə oğlan doğulardım!!
- bəxtim olsaydı, heç doğulmazdım…

*
bir quzudan xoşum gəlir
böyüyüb qoyun olmamış
bağrıma bassam,
nolar ki?

*
tapmaca deyimmi sənə?
girişi var, çıxışı yox,
özü balaca, yüküsə çox…
açması?

*
kabab iyinə gələnlər,
şişdəki ürəyimdi…
nuş olsun!

*
…qorxma, yandırmaz,
söykə qulağını
ürəyimin divarına…
eşidirsən?
burada da
çox deyinirsən…

*
içəndə
məni görmək istəyən,
səni görüm heç ayılmayasan…

*
məni xoşbəxt eləməyə
sənin fantaziyan çatmadı…

*
yuxuda göy rəngli,
qısaqol kişi köynəyi görmüşəm,
ipdən asılı…
günün altında
qurumuşdu tamam
təkcə yaxası islaqdı…
hardasan, ay yuxuyozan?

*
min dəfə demişəm axı
bacardığın işdən yapış
eşitmişəm,
yenə məni unutmaq istəyirsən…

*
valerian şüşələri zibil deyil!
mən heç vaxt zibil atmadım
bu şəhərin küçələrinə…

*
yalnız gedəndən sonra
baxdım izinə -
batacağım qədər
dərinmiş demə…

*
istəyirsənmi Tanrıdan səni istəyim?
bax ha, nə istədim verdi yaradan…

*
çətir kimisən, vallah,
yağışdan-yağışa yada düşürsən…

*
burada da tapdın məni.
bilirəm, göz yaşlarımın
açdığı relslə gəlmisən…

*
eyvansız evlərin
dənizsiz şəhərlərin
arzusuz insanların
içində
yaşamamaq
yaşamamaq
yaşamamaq…

*
məni alça çiçəklərinin ahı tutdu -
ürəyim gedirdi onları budaqlı-zadlı
qırdırmaq üçün…
mənə ərik çiçəkləri qarğış elədi -
qoxusundan doymazdım…
bütün sarı güllərin qəzəbinə gəldim -
hamısında gözüm qalardı…
ehh,
çiçəklərin də məni sevdiyinə
əllərimdə sevə-sevə öldüyünə
inanacaq qədər
xoşbəxt günlərim vardı…

*
heç vaxt:“heç vaxt!” – demə.
mən elə birini sevdim ki, sonunda…

*
nə vaxt ölmək?
səni sevən sonuncu insandan öncə.

*
yadıma düşmədiyin günlərin
heç biri yadımda qalmır…

*
demədiyin sözəm, canım,
xatırlamağa çalışma…

*
romanlar öncə yaşanar
sonra yazılar
sonra oxunar…

*
ikimiz də aldandıq -
sən böyük görünürdün,
mən balaca…

*
qüdrət
bizim olmayanları sevməkdi
heyrət
bizim olanları hələ də sevmək…

*
…qırılmış ürəklər
daşa dönür axı…
…dəyib yerə düşən sözünü
götür, qoy cibinə…

*
kimi sevsən,
get de, dostum,
xoş xəbəri gecikdirməzlər…

*
bu gün
üzüklər barmağımı sıxır,
arzular ürəyimi…
bu gün kral
yenə darıxmaqdı…

*
Qoyub getdiyin yerdə axtarma,
mənim də ayaqlarım var…

Digər Məqalələr