Avanqard

Hədiyyə Şəfaqət - Saçlarımı külək elə

25/10/2013

Tanrı, özümdən doymuşam,
Dağıt məni, təzədən qur
Bir dəfə ki, bacarmısan?
Unut məni, təzədən qur.

Əllərimi çiçək elə,
Saçlarımı külək elə,
Bir az mənə kömək elə
Yarat məni, təzədən qur..

Ürəyimdə daş ağrısı,
Gözlərimdə yaş ağrısı,
Bir dönük sirdaş ağrısı-
Sağalt məni, təzədən qur...

Nə yalan, nə həqiqətdir
Məndəki dərd müsibətdir,
De ki, belə məsləhətdir-
Aldat məni, təzədən qur...

Toxu, toxu dilək-dilək
Sına, sına mələk-mələk
Ayır yerdən, yanına çək
Qat-qat məni, təzədən qur...

Sən anlarsan bu seçimdən
Bezdim daha bu biçimdən
Tanrı, yorulmuş içimdən
Çıxart məni, təzədən qur...

Digər Məqalələr