Avanqard

Hədiyyə Şəfaqət - Bir daha məndən doğulmaq istərsənmi

28/06/2016

***

...Alma çiçəklərinin fəsliydi,
Axşamdı,
Leysandan sonra göy üzü mas-maviydi-
Mənə öləcəyimi dedilər....
Çiyinlərimi çəkdim...
Amma
Bir də xain gözlərim doldu, iki damla yaş
Dodaqlarıma doğru süzüldü
Üzümü pəncərəyə tutdum....
Dənizin sakit sularında ağ yelkənli qayıq üzürdü...
\"Amma, bilirsiniz, indi...\"
\"Bəsdir,
Nə ehtiyac var\", əlimi yellədim,
\"Mən, onsuz da bilirdim\"...
Günəş
Yan binanın son mərtəbəsini qucaqlamışdı şəfəqləriylə.
Sonra göyərçinlər uçub gəldi hardansa,
Dünyanın ən sehrli səsiylə qarşımda
Ağ qanadlar...
\"Mən gedirəm\"...
\"Suyunuzu için\"...
\"Hər şey qaydasındadır\"...
Qırmaq lazımdır bütün əlaqələri,
Dünyanın bütün həkimləriylə...
...Uzaqlarda,
Pəncərəsindəki yağış damcılarının
İzini silmək istəməyən bir adam var...
Öz qorxularına şeir pıçıldayır,
Deyir ki, bitməyib...



***

..Bir dəstə çobanyastığı aldı adam
Küçə çiçəkçisindən...
Qoxladı,
Heyrətləndi
\"Qəribədir,
Bunlardan uzaq çöllərin ətri gəlir\"
Gülümsədi çiçəkçi-
\"Onları bağçamdan topladım\"...
\"Baxçanda günəş doğur?\",
\"Əlbəttə!\"...
\"Gecə yağış da yağıbmış\"...
\"Hə\"...
Adam barmaqlarının ucunu
Ləçəklərdə qalan su damcılarına toxundurdu -
\"Gözəldir\"...
...Üzünü dənizə tutdu adam
Qağayılar sakit,
Səma tər-təmizdi.
Titrək əlləriylə
Çobanyastığı çiçəklərini bir-bir ayırdı dəstəsindən
Sulara atdı -
\"Qadınım!\"- söylədi astaca,
\"Sənə çöl gətirdim\"...


***

...Əsgər,
Silahını aşağı endir...
O ölüm istəyən, o qan istəyən
Gözünün içinə baxmaq çətindi
Nə sərhədd pozanam,
Nə düzən pozan
Nə soyuq silahım, odlu silahım, nə topum, nə mərmim...
Var mənim...
Olanım tək budur-çırpınan qəlbim...
Bilirəm,
Sinəmə tuşlanan tüfəng
Açıla da bilər, açılmaya da
Yalvarış, göz yaşı, israr, etiraz
Heç biri
Bir işə yaramır indi...
Amma duyursanmı,çəkildiyin bu tablonun tək adı -
Müharibədir...
Və mən istəmirəm sən öldürəsən
Bu çox alçaqcadır,
Alçaqca pisdir...
Yığılar bir yerə bəbəklərimdə
Ön və arxa cəbhə,
Dəhşətli hissdir
Görərəm tökülər kətanın üstə
Qarışar savaşın bütün rəngləri...
Ölüm  göndərilər geriyə-evə
Səslənər gah orda, gah burda azan
Və dua
Və lənət
Kilsə zəngləri...
...Uşaqlar
Küçədə oynayıb durar...
Beş addım o yanda yanar hələ də
Dağılmış bir evin xarabazarı,
Vurulmuş əsgərin meyiti üstə
Bir qadın ağlayar
Qadın ki, qadın!...
Çiçəklər...
Açılar hasar dibində
Güllə səslərinə
Bir də Günəşə...
Balaca bir qızın arıq əlləri
Yapışıb durmağa bir əl axtarar
İçindən kədərli dağıntıların...
Rəssam
Davam edər,
Onun fırçası
Dünyanın ən kəskin rəngini-qanı
Bahalı tabloya çevirməkdədir...
Sümüklər-əla növ çərçivələrdir...
...Əsgər
Silahını aşağı endir...
Çıx get bu torpaqdan,
Hardasa,
Orda,
Elində səni bir qadın gözləyir...



 ***

...Sən bir də doğulmaq istərsənmi, Şəms?
İstərsənmi?
İstərsənmi...
İstərsənmi
Gecələr
Daş divarlı qaranlıq hücrələrin
Soyuq döşəməsində uyumaq
Gündüzlər
Dar dəhlizlərində dolaşmaq məbədin...
Eşq!
Və gözləmək...
Sonra sən
Son baharda,
Açılarkən
Sarı çöllərdə ümid çiçəkləri,
Uzuuuun bir yolçuluq
Başlarkən...
Bir daha məndən doğulmaq istərsənmi,
Şəms,
İstərsənmi?..
Ruhun
Kəpənək qanadları kimi zərif
Ayaq səslərin
Torpağın ovcunda daşınırmış kimi
Yumşaq...
Özün
Külək-külək şeirlər kimi azad
Olacaqsan...
...Bətnim məbəd kimidir
Şəms,
Məbəd kimidir...
Gəl!...

Digər Məqalələr