Avanqard

Habil Yaşar - Kabus gecələr

22/02/2022

Hər gecə yarısı döyülür qapım,
Bəzən asta-asta, bəzən gurhagur.
Açıram kimsəni görə bilmirəm,
Elə bil kabuslar qəsdimə durur.
Məni usandırıb yamanca yorur.

Qapının ardından səslər də gəlir,
Yarı insan dili, yarı müəmma.
Açıram bir səs də eşidilməyir,
Dilim topuq çalır, əsirəm, amma...
Maraq üstün gəlir  qorxularıma.

Tez-tez boylanıram dörd bir tərəfə,
Bəlkə də kimsələr zarafatlaşır.
Necə qəribədir axı hər dəfə,
Canımdan can gedir, o cansızlaşır.
Müqəvva getdikcə həyasızlaşır.

Mən kimə söyləyim dərdimi kimə,
Kimlər baş açacaq bu həngamədən.
Gecənin qorxulu kabuslarından,
Sənin varlığına sığınıram mən,
İlahi yardım et, tut əllərimdən.

Digər Məqalələr