Avanqard

Günel Eyvazlı - Tamaşa

15/03/2013

Bir tamaşanın, bir səhnəsi,
Oyun vaxtı dəbdəbəsi, qiyafəsi,
Rolda bəzək, oyun içrə
Rəngarəngdir atılacaq hər bir addım.
At belinə qalxan da var.
Tamaşada
Qılınc da var, qalxan da var.

Bir obrazın, bir səhəri
Şirinçayı, yağçörəyi,
Baxışları uzaq-uzaq
Daha səhər rəngarəng açılmayacaq.
Soyuq divar, soyuq yataq.

Bir səhərin, bir gecəsi
Yalqız qalan düşüncəsi,
Yalqız qalan əyləncəsi.
Baxışları yaxın-yaxın dikiləcək divarlara
Səhər tənha sabahlara,
Gecə dustaq otaqlara.
Dikiləcək.

Bir otağın, bir sakini
Stol üstündə vərəqlərin
Öpəcəkdir əllərini.
Qələm bu gün nə yazacaq?
Əvvəlki tək aldadacaq-aldadacaq.

Bir qələmin, bir vərəqi.
Sonuncudur.
Daha kağız olmayacaq.
Otaq köhnə sakinini,
Qələm yazar əllərini
Qucağına almayacaq.

Bir insanın, bir taleyi,
Uzaqlarla yaxınlığı,
Yaxınlarla ögeyliyi,
Ya olacaq, olmayacaq.

Avanqard.net

Digər Məqalələr