Avanqard

Günel Eyvazlı - Bakının mənzərəsi

24/01/2013








Şəhər

İyirmi Yanvar küçəsi,

Tələbə axını.

Metroya çatana qədər,

Əl açıb dilənçilər,

Xeyir-dua vermirlər.

 

Bu şəhərdə müasir görünmək

Çox asandır:

Cırıq şalvar, ədalı baxış,

Kəkilli saç və qulaqcıq.

Əsl şəhər adamısan.

 

Hələ ora bax,

Tozun, torpağın içində

Siqaretin, maşınların tüstüsündə,

Dönər satır. Ölüm satır.

Hamı alır.

 

Vaqonun bir küncünə qısılıram,

Nəzərlərdə böyüməkçün,

Daha düzü gizlənməkçün

İnsanlardan.

 

Qarşımda iki sevgili,

Birinin soyuq əlləri, digərinin saçındadır.

O saçların, saçlar onun yadındadır.

 

Mən üzümü çevirirəm manitora,

Reklam, reklam,

Bu səs, bu küy,

Dəli eləyər adamı.

Durun saxlayın zamanı

Qayıdıram.

 

Kiçik, sakit məhləmizə,

Binamızın arxasında qır yığmağa,

Qara qırı qoxlamağa.

 

Yadımdadır,

Dizimi qanatmışdım,

Anam eşitsin deyə,

Mən ucadan ağlamışdım.

Böyümək arzulamışdım...

 

 

 

Ədalət

Qartal dimdiyində aprırdı

Dovşanı.

Balaları ağızlarını açıb civildəşirdilər.

Qayğıkeş ana,

Dovşanı parçalayıb,hərəsinin ağzına,

Bir tikə qoydu.

Kiçik qartal balaları yeyib doydu.

 

Meşənin içində iki dovşan balası,

Gözünü zilləyib göyə,

Anaların gözləyirlər.

Hər ikisi yaman acdır.

Dovşanlar pıçıldaşırlar,

Anam, qartalın evində

Bugün qonaq qalacaqdır.

Ədalət...


Avanqard.net

Digər Məqalələr