Avanqard

Fərid Hüseyn - Ötən ilin sözləri

14/01/2014













Buralar yordu məni – qaçdım, uzaşdım, olmadı.
Taleyə susdum ki, dərdini desin –
osa ancaq mənim dərdimi dedi.
Susub çəkilmək istəyirəm uzaqlara
daş udub suyun dərinliyinə enən balıq kimi,
onda da sular göz yaşı olduğunu xatırladır mənə,
qaça bilmirəm.

Hər addımda  “yaxşıyam” sözünün
“yalan” olduğunu üzümə vurur həyat.
Cənnət istədikcə, dünya daha qərib olur –
sanki özgə yatağında oyanmışam
və burda heç nə tanış gəlmir mənə.
Dünyasa hər dövrəsində bir az da yalan görünür.

Hər şey ekrandakı kimi təsirsizdi...
Dünyanın çoxu sudur,
ancaq qulaqlarımızı su şırıltısı yox
güllə səsi yağır edib,
az-bir az diqqət  kəsilmək bəs edir:
kürsülərdən uçurdulan “sülh” sözünün
göyərçin yox, quzğun olmasını görməyə.

Qraf cahilkən deyirdi: “xoşbəxt kəs hələ doğulmayandır”.
Sonrasa ömrünü az-az yaşadı: Allaha inandığı vaxtlar.
Biz dünyanın ən qoca dövrünü yaşayırıq –
o, hamımızı yaxşı tanıyır və neyləyəcəyimizi bilir,
dünyanı maraqlı edənsə bizim ona nabalədliyimizdir –
bütün ilk eşqlər kimi...

Evimizin sonbeşiyi atamın ağrıları idi, mən yox –
hamı onun ərköyünlünə dözürdü.
Mənsə oyunu yarımçıq qoyub,
arxamca daş atan, “qayıt” çağıran dostlarımı atıb
atamın gözünə düşən ölüm işığının qarşısını kəsməyə tələsərdim.
Ancaq o işıq səkkiz yaşlı uşaqdan daha hündür idi.

Bülbül kababı yeyənə gül alıram,
mənə bu da azdır hələ.
anamdan gizli axan göz yaşlarımı,
cənnətdə gülabtək səpəcəklər üstünüzə.

İstəmirəm yeni adamlar, başqa adamlar tanımaq.
Yeni adamlar “gələcək dərdlər” deməkdi, qorxuram.
Taxmıram, o alan saatı taxmıram,
istəmirəm bizim ayrılığımızı
o saat haqq-hesab eləsin öz əqrəbləriylə.
Hər şey,
hər şey,    
hər şey
uçulur insan əlləriylə.

Neynirsən elə, bircə ölümə çarə tapma
heç olmasa deyildiyi kim də ölək.
nəbzim ürəyimə axan göz yaşların sayır,
sənsə ürək döyüntümü dinləyirsən.
mən bütün ömrüm boyu əsgər kimi eyni paltarı geyinməyə,
eyni yeməkləri yeməyə razıyam.
təki sənin üzündən gülüş əskik olmasın.

Qızıl balıqdan hər dəfə eyni kəsi istəməkdi sevgi
talesə balıqdan da, sudan da xəbərsiz.
Eh, necə sözlər düşmədi yadınıza:
Məsələn, bircə yol \"əlimi tut\" demədiniz.
Bismillahsız gecələrdən doğulan uşaqlar kimi,
dünya nə ata sevdi, nə ana –
bizim kimsəsizliyimiz də burdan başladı.

Yadımdadır, bir gecə, bir qadın zəng etdi sevdiyinə;
öz səsində \"əlvida\" deməkçün.
Xeyli sonra sevdiyi zəng vurdu həmin qadına
və dedi: \"yadındadırmı...?\"
qadınsa siyirmədən birgəlik günlərinin şəkillərini çıxarıb
özünü kəsdi şəkillərdən:
sevdiyini tənha qoydu şəkillərdə.

Bir gün mən də şəklini yandırdım – gülüşün yanmadı
Gözlərin yandı şəkildə – baxışın yanmadı.
Ağzın yandı – sözlərin yanmadı,
yanmadı – nəyi sevmişdimsə, vallah, yanmadı.

O gündən sonra, bədənim qanlı köynəkdi.
Əllərim \"əlvida ağacları\" – yellənir arxanca.
Küncüt kimi ağrılarım bircə-bircə görünür.
yaxın gəl, bax mənə, – bircə-bircə sevin.
mən də səni bircə-bircə bağışlayım.

Biz süfrəmizdən adam qovmadıq,
adamlar süfrəmizə qayıda bilmədilər.
Adamlar səssizcə çıxıb gedirlər,
necə ki, quşlar “uçuram” demədən uçur.
Köhnə dərdlərin üstünə ağlasaq, dünyanı su basar.
Yadındadımı, gözlərin üzündən çıxıb getmişdi.
onda gerçəkləri deməmişdim sənə.
Sən ümidsizlik quyusuna kəndirtək, sallardın yalanlarını.
Mənsə inanmadan aldanardım sənə,
ikimizdə yalandan xoşbəxt olardıq.
Xoşbəxt olardıq ki, unutmayaq yaşamağı.


Avanqard.net

Digər Məqalələr