Avanqard

Etimad Başkeçid - Çarpayının baş tərəfi qəbir daşı kimi

22/04/2014













yenə də heç şey oxuya bilmirsən, gördün ki,
axşamın birrəngli, birmənalı üzündən
və kirimişcə (hətta bir qədər mütiliklə deyərdim),
cismini yatağına uzadırsan-
(onsuz da bu ömrü yaşayıb tükətmək mümkün deyil,
başına belə sovursan).

fikirləşirsən ki, nolar, ölümlük ha deyil,
axı sən heç kəsə yenilməmisən, sadəcə yorulmusan,
uzanırsan, çarpayının baş tərəfi qəbir daşı kimi
üstündə dikəlir
və bu mənzərə yeni bir koordinat əmələ gətirir.

bir azdan gözlərin qapanır,
qulaqların eşitməkdən qalır,
bir canlı kimi bütün imtiyazların alınır,
və yox edilirsən dünyadan ansızın,
Yox və Var arasında aralıq atı kimi
(səndən nəm - nişan adına)
yalnızca nəfəsin qalır.

səhər-səhər obaşdan göz qapaqlarını
aralayır mələklər: ölümün ertələndi, dur!
və budur, dünən sənin qeyb olduğun yerdən
bir başqası durur.

Digər Məqalələr