Avanqard

Əsəd Qaraqaplanın yeni şeirləri

25/10/2012

İstedadlı gənc yazar Əsəd Qaraqaplanın yeni şeirlərini təqdim edirik.

 

 

 

 

 

Ölümü Gözləyənlərin Türküsü silsiləsi

 

 

 

Bəyaz Mələk

 

 

 

burda hər kəs ölümü gözləyir, abi

ölümə gəlmişlər, abi, ümidsizlər

olacağa çarə yoxdu - deyirlər

 

abi, qoca şəhərlər fahişə qadın kimidi

yatmadığı adam qalmaz

yatıb atmadığı adam

puluna minnət - deyirlər...

 

bəyaz bir mələk kimi enmişdim dağdan, abi

nə varsa kobudluğumda gizlənmişdi saflığım

mən kobud adamam, abi - deyirlər

 

abi, bizi bir qadın da sevmədimi bu şəhərdə?

abi, bizim kəndimizdə bizi sevən bir qadın da olmadımı?

abi, qadın kordu sevgi - deyirlər

 

burda korlar adama yol göstərir, abi

alıb götürürlər bizi yalnızlığa

səfilliyə

yoxluğa

yol bizimdi - deyirlər

 

abi, bizim şəhərimiz yoxmu, abi?

bizim kəndimiz yoxmu?

bizim heç nəyimiz yoxdu - deyirlər

 

abi, adamlar təkcə qoca şəhərdəmi belədilər?

belə soyuq, belə uzaq, belə yad...

abi, bizim kəndimizdə belə adamlar yoxdumu?

abi, bizim nə günahımız vardı, abi - deyirlər

 

abi, bizi yoxsa kənddə satmışdılar?

satıb göndərmişdilər...

abi, burda satılmamış adam yoxdu - deyirlər

 

abi, çox qorxuram, abi, satılmaqdan

çox qorxuram kəndimizə qayıtmaqdan

burda çox qorxuram, abi - deyirlər

 

abi, ölmək çox çətinmi?

çox çətinmi yaşamaq?

abi, ölmək yaşamaq, yaşamaq ölməkdi, abi - deyirlər

 

burda hər kəs ölümü gözləyir, abi

ölümü, abi

ölümü gözləyirlər, abi - deyirlər...

 

 

 

Rafiq Tağının Allahlığı

 

 

 

abi, Rafiq Tağını kim öldürdü bilirsənmi?

Rafiq Tağını, abi, öldürməyən qalmadı

ən çox mən öldürdüm, abi - deyirlər

 

abi, Rafiq Tağını niyə öldürdülər, abi?

ölməməkçün satılmaqmı gərək, abi?

abi, məni öldürəcəklər - deyirlər

 

abi, mən ölsəm, abi, insanlar üzülərmi?

satılmış insanlar, abi...

Rafiq Tağı öləndə üzüldülər - deyirlər

 

abi, Rafiq Tağımız niyə satılmadı, abi?

Allaha da satılmadı...

abi, Allah yoxdu, abi - deyirlər

 

abi, Allah yoxdusa bizi kim yaratdı, abi?

bizi kim satdı, abi?

abi, Allah bizi yaradıb satdı, abi - deyirlər

 

abi, mən ölsəm, abi, Allahı görəcəmmi?

abi, Allah cəhənnəmdə yoxsa cənnətdəmi, abi?

abi, Rafiq Tağını cənnətdə görəcəm, abi - deyirlər

 

abi, cəhənnəmlik, abi, bu insanlar

abi, Allah cəhənnəmlik

abi, mən Allaham, abi - deyirlər

abi, Rafiq Tağı Allah...

 

Avanqard.net

 

Digər Məqalələr