Avanqard

Ənvər Rza - Vurulmuşam barmağı məndən üzük istəyən qızlarından birinə

29/10/2014

Avanqard.net Ənvər Rzanın şeirlərini təqdim edir.













Gəlmişəm


Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yaza nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.

Susuz yurdum, tək məcmahı, tək simim,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.
 
Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağına sürünür.
Ata yurdu, qardaş yeri görünür,
Bir doyunca ağlamağa gəlmişəm.

Naxış olub biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,
Dağ çayıyam, çağlamağa gəlmişəm.


Bir bax

Tez ol, şan-şan eylə ox, nəştər ilə
Bəlkə yatan bəxtim oyana, bir bax.
Həsrət məqamında ox! Nəştər ilə
Deşib ürəyimi oyana bir bax!

Təbib davasıyla yaramı gözlər.
Süzülüb dikildi yaramı gözlər?
Min yol təzələsə yaramı gözlər,
Demərəm: Ay zalım, oyana bir bax.

Ənvəri eyləmə hədəf düşmənə,
Gen gəzib gözümdən, uzaq düş mənə.
Dönsəm ilqarımdan asi düş mənə
Deyim dərdli-dərdli: oy, ona bir bax.



***

Uşaq idim, ay qonşu,
Şıltaq idim, ay qonşu!
Bağçadakı gülünün
İlkini mən dərərdim,
Qapındakı qoyunu,
Quzunu hürküdərdim.
Dalımca söyərdin də,
Tutanda döyərdin də.
“Uşaqları oddur, od”
Deyib yazıq atamdan,
Anamdan da əyərdin,
Kölgəm görünən kimi
“Vurulasan” – deyərdin.
Uşaq idim, ay qonşu!
Yox kədərim, yox dərdim,
Dəcəlliyi sevərdim.
Elə sözlər danışıb,
Elə işlər görmüşəm!
İnək sağdığın yerdə
Papağımı tullayıb,
Südünü tökdürmüşəm.
Acığından,
Hirsindən
Dodağını yemisən,
Sözün elə bu olub:
“Vurulasan!” – demisən..
O günlərin üstünü
Duman alıb hardasa,
O günlər muncuq kimi
Düşüb qalıb hardasa.
Qonşu, qonşu, qulaq as,
Sözün yetib yerinə,
“Vurulasan” – deyərdin,
Vurulmuşam barmağı
Məndən üzük istəyən
Qızlarından birinə!
 

Digər Məqalələr