Avanqard

Emin Piri - Tanrı səni qorusun, Allah

19/11/2012

















Sabahın xeyir, Allah!
yuxuda səni görmüşəm
bir az narahat qalmışam
orda həyatın necədi?
sözün necə,
keçirmi
mələklər arasında?!
ancaq...
mələklərin də
can alıb can satır
sənin adından,
səndən yuxarı uçurlar
sənin altında...

Uşaq vaxtı böyüklərdən
soruşardım yerini
deyərdilər göydəsən.
baxardım göyə
bulud da göydə
sən də.
göydən lopa-lopa
qar yağır,
yağış yağır
bəs niyə allah yağmır?!
bir uşaq arzusuna
yağış kimi yağ
səninlə islanım başdan ayağa
mən başdan ayağa sən olum, Allah!

Buralarda deyirlər ki
sən yoxsan
nə dedim inanmadılar
istədim yerini deyəm
qorxdum
baxmazlar allahsan
qıyarlar sənə də
lap yolundan çıxardıb
allahsız edərlər Səni.
qorxma
səninçün dua edəcəm:
Tanrı
səni qorusun, Allah!

Avanqard.net

Digər Məqalələr