Avanqard

Əli Şirin Şükürlü -  Otuz ildi bir qız oturub telefonun yanında

23/06/2014












etiraf

bəzi hadisələri xatırlayarkən
asanlıqla qurtula bilmir əzab hissindən.
bir müddət çıxa bilməsə də təsirindən
bu hadisələrin, xatirələrin çağırdığı əzablar içində
xoş duyğular yaşadığıanlar da olur arabir.

tələbəlik illərində
məktəbli bir qızla tanış olmuşdu bir günlük səyahətdə.
qəşəng qız idi, özü də yaxşı ailədən.  
tez dostlaşmışdılar. qız da telefon nömrəsini vermişdi ona.
o vaxtlar qoşulub sahibinə
gəzməyi bacarmırdı hələ telefonlar;
yaraşıq idi qapalı məkanlara və zəng səsləri
arabir pozardı məhkum olduğu səssizliyi.

o da hər gün
avtomat telefondan zəng edərdi qıza.
bəzən kəsilərdi danışıq söhbətin şirin yerində.
“gələn var” – pıçıldayıb qız, asardı dəstəyi.
yarımçıq bitsə də söhbət
ən çox da bu məqam gələrdi xoşuna:
“gələn var” – pışıltıya bürünmüş.
cəmi bircə dəfə görmüşdü qızı – səyahətdə olarkən,
elə telefon nömrəsini verdiyi o gün.

söhbətin şirin yerində bitən telefon danışığıtək
yarımçıq bitdi bu sevgi məcarası da.
30 il ötüb indi və çox sevdalar keçib başından. amma
unutmayıb bu hadisəni. unutmasa da bu hadisəni
heç cür xatırlaya bilmir qızın adını;
sevda idi, ya da səadət, yoxsa sevinc idi, yoxsa kifayət... –
dəqiq yadına sala bilmir neçə illərdi.

bəlkə də
anadı indi o qız, bəlkə də nənə -
sevimli bir qadındı yaşayır səadət, sevinc içində.
bəlkə də...
yox. o, xöşbəxt qadındı – başqa heç nə düşünmək istəmir, -
inandırır özünü hər dəfə.

amma
hər xatırlayanda bu hadisəni
ani olsa da yaşayır əzabını sevgi ümidinin –
bir qıza bəxş etdiyi. elə gəlir ki ona
düz otuz ildi bir qız oturub telefonun yanında
sükut içində zəng gözləyir səbirsizliklə.

... – 18.06.2014

Digər Məqalələr